Oktyabrın 30-da Bakıda Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” adlı yeni layihəsinin təqdimatı keçirilir.
FED.az xəbər verir ki, layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlardan, gənclərin aqrar sektorda məşğulluğu ilə bağlı dövlətimiz tərəfindən görülən işlərdən söz açıb.
Nazir müavini, həmçinin sözügedən layihənin ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcəyini, gənclərin məşğulluq məsələlərinə diqqətin artırılacağını qeyd edib.
Qeyd olunub ki, 2018-2020-ci illəri əhatə edəcək layihəyə FAO tərəfindən 10 milyon dollar ayrılacaq.