Azərbaycanda doğulmuş daha bir iş adamı dünyanın ən varlı insanlarının toplandığı «Forbes»in milyarderlər siyahısına düşüb.
FED.az xəbər verir ki, “Forbes” jurnalı Rusiyadan olan 6 nəfəri dünya milyarderlərinin reytinqinə daxil edib.
Qusar rayonunda anadan olmuş, hazırda Rusiyada yaşayan Seyfəddin Rüstəmov «Forbes»in siyahısında 1,3 milyard dollar sərvətlə yer alıb.
Yeni milyarderlər arasında Rusiyanın və Avropanın ən böyük metanol, formalin və sintetik qətran istehsalçısı olan “Metafraks” şirkətinin prezidenti, qusarlı azərbaycanlı Seyfəddin Rüstəmov da olub.
O artıq bir dəf 2020-ci ildə 1 milyard dollar səvətlə milyarderlərin siyahısında yer alaraq Rusiyada 145-ci yeri tutub.
S.Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. O, 1,3 milyard dollara sahibdir.
Milliyətcə ləzgi olan Seyfəddin Ziyəddin oğlu Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub.
Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisasca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.
2000-ci illərdən bəri Seyfəddin Rüstəmov kimya və neft-kimya sahələrində treyderliklə məşğuldur, energetika, kommersiya obyektlərinə və yaşayış daşınmaz əmlaklarına investisiya edir.
S.Rüstəmorv 2014-cü ildən Permdə yerləşən «Metafrax» şirkətinin sahibidir.
Belə ki, «Metafrax» şirkətinin əsas səhmdarı (92% səhm) olan «MetaXoldinq» Seyfəddin Rüstəmovun idarəçiliyindədir.
«Metafrax» - Rusiya (Moskva və Perm vilayətlərində) və Avstriyada (Krems vilayətində) işləyən şirkətlər qrupudur. Şirkətin illik gəliri 40 milyard rubl və ya təqribən 500 milyon dollar təşkil edir. Holdinqin kimya sənayesinə yatırımları isə ildə 5 milyard rublu keçir.
2018-ci ildə Metafrax 950 milyon avro dəyərində ammonyak, karbamid və melamin istehsalı kompleksinin tikintisinə başlayıb. «Metafrax» Rusiyada ümumi metanol istehsalının dörddə birini istehsal edir.
Seyfəddin Rüstəmov və həyat yoldaşı xeyriyyəçilik işlərində iştirak edir, tibb, transplantasiya, xərçənglə mübarizə, incəsənət və təhsil sahəsində bir sıra fondlara dəstək olurlar.