Veysəloğlu Şirkətlər Qrupuna baş icraçı direktor vəzifəsinə Burak Dəniz təyin edilib. Burak Dəniz FMCG (gündəlik istehlak malları) sahəsində 24 illik təcrübəyə malik olan bir peşəkardır.
“Veysəloğlu”da rəhbər vəzifəyə - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, Burak Dəniz fəaliyyətinin 15 ilini aparıcı və beynəlxalq istehsalçı şirkət olan “Unilever”də Türkiyə, Orta Şərq və Şimali Afrika üzrə rəhbər vəzifələrdə çalışıb. Daha sonra Avropanın unlu məmulatlar üzrə ən iri şirkətlərindən biri sayılan “La Lorraine” şirkətinin Türkiyə bazarına daxil olmasına rəhbərlik edib. Bununla yanaşı, şirkətin Orta Şərq və Şimali Afrika bölgələri üzrə baş icraçı direktor vəzifəsini də icra edib.
Burak Dəniz həmçinin Türkiyənin böyük holdinqlərindən olan “Yıldız Holdinq”ə daxil olan şirkətlərin birinə rəhbərlik edib. Burak Dəniz yeni bazarlar, distribusiya, fabriklərin qurulması və strateji biznesin inkişafı üzrə beynəlxalq səviyyədə idarəetmə təcrübəsinə malikdir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Şirkətlər Qrupu hazırda pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Qrupun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Veysəloğlu Şirkətlər Qrupunun əsas təsisçisi və Müşahidə Şurasının sədri Aydın Talıbovdur.