Azərbaycanda poçt daşımalar sahəsinin tənzimləməsində mövcud olan boşluqlar, bazarda qeyri peşəkar şirkətlərin peyda olmasına şərait yaradır.
FED.az xəbər verir ki, bunu “FedEx” şirkətinin Azərbaycanda təmsil edən “Azeri Express” şirkətinin icraçı direktoru Şaiq Qəribzadə deyib.
Onun sözlərinə görə, artıq şifahi olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə məsələ ilə bağlı müraciət olunub.
“Ümumiyyətlə çatdırılma sahəsində böyük boşluqlar var. Bu gün heç bir təcrübəsi olmayan şirkət çox rahatlıqla 1200 manata lisenziya əldə edə bilir. Bu da gələcəkdə bu sahədə qeyri peşəkar mühitin yaranmasına səbəb olur. Kiçik bir bazarda 150 şirkətin olması qeyri normaldır. Qiymətlər tənzimlənmir. Şirkətlər bazarla tanış olmadıqlarına görə elə tariflərlə işləyir ki, bu da onların müflis olmalarına səbəb olur. Onlar təkcə özlərini deyil, digər şirkətləri də çətinliklərlə üzbəüz qoyur”, - deyə Şaiq Qəribzadə qeyd edib.
Şirkətinin icraçı direktoru əlavə edib ki, bu sahədə dünya təcrübəsinin tətbiqi olduqca zəruridir.
“Şirkətlərin qarşısında müxtəlif tələblər qoyulmalıdır ki, onlar fəaliyyətlərini məhz bu tələblərə uyğun olaraq qursunlar. Misal olaraq onların lazımı qədər vəsaitləri və yaxud poçtdaşımaları üçün müəyyən sayda avtomobilləri olmalıdır. Təəssüflər olsun ki, hazırda lisenziyalaşmada heç bir kriteriyalar mövcud deyil. Ümid edirəm ki, nazirlə görüşdə bu problemlər öz həllini tapacaq”, - deyə Şaiq Qəribzadə vurğulayıb (APA).