NEQSOL Holding, ADA Universiteti tərəfindən həyata keçirilən layihə çərçivəsində Qazax Müəllimlər Seminariyasının yenidənqurulması və bərpasına vəsait ayıracaq.
Holdingdən FED.az-a verilən məlumata görə, Qazax Müəllimlər Seminariyasının yenidənqurma və bərpası layihəsi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, ADA Universitetinin Fondu, NEQSOL Holding və Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri tərəfindən 1 oktyabr tarixində Qazax şəhərində imzalanmış Niyyət Sazişinə əsasən həyata keçiriləcək.
Sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan ediblər.
İmzalanma mərasimindən sonra NEQSOL Holding-in Baş icraçı direktoru cənab Yusif Cabbarov panel müzakirəsində iştirak edib.
“Şübhəsiz ki, özəl sektor təhsil müəssisələrinin səmərəli inkişafına töhfə verə bilər. Azərbaycanın bir sıra görkəmli sahibkarları və fərdləri ötən əsrlərdə sərvətlərini istifadə etməklə təhsilə dəstək verib, ölkədə digərləri üçün nümunə olublar və müasir xeyriyyəçilik mədəniyyətinin yaranmasına təkan veriblər. NEQSOL Holding olaraq, korporativ sosial məsuliyyət siyasətimizə əsasən bu xeyriyyəçilik mədəniyyətini qorumağa və ona dəstək verməyə davam edirik,” deyə, cənab Cabbarov bildirib.
Qazax Müəllimlər Seminariyası 1918-cı ildə məşhur Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin varisi kimi yaradılıb. Məzunları sırasında ölkənin ictimai, mədəni, elmi və təhsil inkişafına töhfə vermiş Azərbaycanın görkəmli yazıçıları, müəllimləri və ictimai xadimləri olub. Sovet dövründə seminariya 20-ci əsrin ortalarında bağlanana qədər pedaqoji texnikum kimi fəaliyyət göstərib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.