Biznes konsultant Vüsal Səlimov: “Qeydiyyat məsələləri kifayət qədər asandır və getdikcə daha da asanlaşır. Şirkətin istiqamətindən asılı olaraq lisenziya lazım olarsa, onun da əldə edilməsi prosedurları ildən-ilə sadələşdirilir”.
Vergi ödəyicilərinin ən çox müraciət etdiyi məsələlər açıqlandı - SİYAHI
Öz işini qurmaq arzusu, istəyi çoxumuzda var. “Bircə şirkəti rəsmiləşdirib işə başlamaq qalır” deyənlər də az deyil. Bəs rəsmi bir şirkətə sahib olmaq üçün hansı prosesi keçməliyik?
FED.az xəbər verir ki, biznes konsultant Vüsal Səlimov deyir ki, hər hansı rüsum ödəmədən 3 gün ərzində onlayn şəkildə şirkətimizi rəsmiləşdirə bilərik. Bunun üçün ilk olaraq Dövlət Vergi Xidmətinin nəzdində olan qurumlarda onlayn şəkildə qeydiyyatdan keçməliyik: “Qeydiyyat zamanı sahibkar “ASAN İmza” almalı, yaratmaq istədiyi şirkətin adı, nizamnamə kapitalı, hüquqi ünvanı, direktor, sahibkar, yaxud sahibkarlar və s. bu kimi məlumatları əlavə etməlidir. O qədər də çox informasiya istənilmir. Vergi orqanı 3 gün ərzində müraciətinizə baxır. Daxil etdiyiniz məlumatda hər hansı uyğunsuzluq yoxdursa, bu müddətdə şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəlir. Hər hansı uyğunsuzluq varsa, imtina verirlər, səbəbini də sizə bildirirlər. Onları aradan qaldırırsınız, qeydiyyata alırlar. Uyğunsuzluq nə ilə bağlı ola bilər? Məsələn, şirkətinizə vermək istədiyiniz ad əvvəlcə başqa şəxslər tərəfindən istifadə olunubsa, imtina olunur. Yaxud hüquqi ünvan müəyyən edilmədikdə imtina verilir”.
Möhürü 1 gündən də tez alırsınız
Şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəldisə, Vergi Ödəyicilərinin İdentifikasiya Nömrəsi (VÖEN), reyestrdən çıxarış, Nizamnamə sənədləri onlayn formada sizin artıq Dövlət Vergi Xidmətinin elektron sistemindəki şəxsi kabinetinizə gəlir.
Növbəti görüləcək iş isə möhür əldə etməkdir. V.Səlimov bunun da asan proses olduğunu deyir: “Bütün şirkətlərin möhürü olmalıdır, bu, dövlətin tələbidir. VÖEN-i olan fiziki şəxslər üçün möhür tələb olunmur, amma ala bilərlər. Bundan sonra direktor, yaxud fərdi sahibkar (Fərdi sahibkar VÖEN-i olan fiziki şəxsdir) mətbəə xidməti göstərən şirkətlərə öz hüquqi sənədlərini təqdim etməklə hətta bir gündən də az müddətdə möhür əldə edir”.
Bank hesabını onlayn da açmaq olar
Daha sonra isə bank hesabı açmaq mərhələsi gəlir. Biznes konsultant bəzi banklarda onlayn hesab aça bilməyin mümkünlüyünü bildirdi: “Şəxsi kabinetiniz vasitəsilə bank hesabı açmaq üçün Dövlət vergi Xidmətinə ərizə göndərirsiniz. Hansı bankda hesab açmaq istədiyinizi qeyd edirsiniz. 1-2 gün ərzində Dövlət Vergi Xidməti “Şəhadətnamə Dublikatı”nı qeyd etdiyiniz banka göndərir. Bundan sonra banka yaxınlaşıb hesab açırsınız. Hazırda bəzi banklar onlayn formada da bank hesabı açılması xidməti göstərirlər”.
Biznes konsultantın sözlərinə görə, paralel şəkildə icarə müqaviləsini də hazırlamaq olar: “Təsdiq forması – hər iki tərəfin - icarə verən və icarəyə götürənin imzası, möhürü – hazır olduqdan sonra obyekti, öz biznes subyektinizi adınıza qeydiyyatdan keçirirsiniz, obyektə kod alırsınız”.
Qeydiyyat eynidir, şirkətlər böyüdükcə…
Bu prosesləri uğurla tamamladınızsa, şirkət olaraq rəsmi fəaliyyətə başlaya bilirsiniz. V.Səlimov deyir ki, qeydiyyat məsələləri kifayət qədər asandır və getdikcə daha da asanlaşır: “Şirkətin istiqamətindən asılı olaraq lisenziya lazımdırsa, onun da əldə edilməsi prosedurları ildən-ilə sadələşdirilir”.
Şirkətlər böyüdükcə mikro biznesdən iri bizneslərə çevrilə bilirlər. Sahibkarlıq subyektləri ölçüsünə görə, kateqoriyalara bölünür. Əgər illik dövriyyə 200 min manatadəkdirsə, mikro sahibkar hesab edilirsiniz. 200 min manatdan 3 milyon manat arasındadırsa, kiçik sahibkarsınız. 3-30 milyon arası dövriyyə isə sizi orta sahibkar edir. 30 milyondan yuxarı olduqda isə artıq iri sahibkar sayılırsınız.
Mikro, kiçik və orta biznesləri götürsək, onlara dövlət tərəfindən təqdim edilən hər hansı güzəşt və imkanlar varmı?
75 faizlik vergi güzəşti
V.Səlimov deyir ki, kiçik şirkətlər dövlətin müəyyən imkanlarından yararlana bilərlər: “Hələ Dövlət Vergi Xidmətində şirkətin ilkin qeydiyyatı zamanı sizə hansı vergi ödəyici olmaq istədiyiniz barədə sual verilir. “Sadələşdirilmiş vergi”, “gəlir, yaxud mənfəət vergisi” (VÖEN-i olan fiziki şəxslərdə bu vergi “gəlir vergisi”, hüquqi şəxslərdə “mənfəət vergisi” adlanır), əlavə dəyər vergisi (ƏDV) var. İstədiyiniz vergi növünü seçirsiniz. Biznesə yeni başladığınız üçün sadələşdirilmiş, yaxud mənfəət (yaxud gəlir) vergisini məsləhət görərdim. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatadək olan şirkətlər sadələşdirilmiş vergi ödəyicisi olaraq qala bilirlər. Sadələşdirilmiş vergi növünü seçmisinizsə, bu halda dövlətin təqdim etdiyi vergi güzəştindən istifadə edə bilirsiniz. O şirkətlər həmin dövr ərzində olan dövriyyələrinin 2 faizini ödəməklə vergi öhdəliklərini icra edirlər. Gəlir və ya mənfəət vergisini seçdikdə mikro sahibkarsınızsa, yeni yaradılmış şirkətsinizsə, cari maliyyə ilində (ardıcıl 12 ay yox) dövriyyəniz 200 min manatdan azdırsa, Vergi Məcəlləsinə görə nəzərdə tutulmuş 20 faizlik mənfəət vergisinin 75 faizindən azad olunmaq hüquqları əldə edirsiniz”.
Bankların kiçik bizneslərə güzəşti yoxdur
Bizneslər başqa hansı imkanlardan yararlana bilərlər? V.Səlimov deyir ki, bu, kiçik və orta bizneslərə görə dəyişir: “Kiçik bizneslərin müəyyən qədər fəaliyyət dövrü varsa, bir tarixçəsi formalaşıbsa, dövriyyəsi kiçik olsa belə, banklardan kredit əldə edə bilirlər. Kreditləşmədə kiçik bizneslər üçün banklar tərəfindən xüsusi güzəştlər nəzərdə tutulmur. Mikro bizneslərin kredit götürmək imkanı kiçik bizneslərlə müqayisədə daha azdır. Orta bizneslər üçün bankların kredit, güzəşt imkanları kiçik bizneslərlə müqayisədə daha çoxdur. Çünki şirkət böyükdür və daha etibarlı təəssüratı yaradır. Dövlət tərəfindən müəyyən strukturlar yaradılıb ki, onlar daha çox mikro, kiçik və orta bizneslərin kredit almasına, onların inkişafına dəstək üçün işlər görürlər. Onlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və onun nəzdində olan bir çox strukturlardır”.
Biznesi alaq, yoxsa özümüz quraq?
Hazır şirkətlər də satılır. Bu prosesləri keçək, yoxsa hazır alaq? V.Səlimov bunun bizneslərə görə dəyişdiyini dedi: “Elə biznes növləri var ki, orada hazır biznesi almaq daha yaxşıdır, nəinki özün qurmaq. Məsələn, hansısa dövlət tenderinə girəcək şirkət istəyirsinizsə, almaq daha yaxşıdır. Çünki tenderlərdə tələb olur ki, şirkətin bazarda həmin istiqamət üzrə müəyyən qədər fəaliyyəti olsun. Bu halda siz yeni şirkət qeydiyyatdan keçirməklə tenderi uda bilməzsiniz. Ona görə də bu halda hazır biznes almaq daha məsləhətdir. Nəzərə almaq lazımdır ki, hazır bizneslərin qiyməti baha olur”.
V.Səlimov biznesə başlamaq istəyənlərə bir neçə tövsiyə də verdi: “Sənədləşmədən öncə bir biznes planınız olsun. Başlayacağınız biznes haqqında tam dolğun məlumata sahib olun. Çünki kənardan görünən biznes prosesləri, onların idarəetməsi ilə biznesin içində olduqda gördükləriniz kifayət qədər fərqli olur. Pul qazanmaqdan danışırıqsa, sadə, daha rahat biznes sahəsi yoxdur. Hər bir biznes sahəsinin özünəməxsus çətinlikləri var”. (Kaspi.az)