"Borsa İstanbul"un xalis mənfəəti 2021-ci ildə 44% artaraq 2,07 milyard türk lirəsi (TL) təşkil edib.
FED.az xəbər verir ki, bunu "Borsa İstanbul"un Baş direktoru Korkmaz Ergun bildirib.
Korkmaz Ergun 2021-ci ildə 258,5 milyard TL-lik borc aləti emissiyası təmin edildiyini söyləyib.
"2021-ci ildə əldə etdiyimiz ən mühüm rekord kütləvi təkliflərin sayında olub. 52 şirkət tərəfindən ictimaiyyətə təqdim edilən səhmlərin sayında rekord qırılıb. 21,6 milyard TL məbləğində kütləvi təkliflər edilib. 2020-ci ildə 8 şirkət ilə 1,1 milyard TL məbləğində kütləvi təklif baş tutmuşdu. Əvvəlki rekord 1990-cı ildə 35 şirkətlə olub. Beləliklə, dünya birjaları arasında "Borsa İstanbul" kütləvi təkliflərinin sayına görə 14 pillə yüksələrək 13-cü yerdə qərarlaşıb. Bu il İstanbul, Ankara, Aydın, Balıkəsir, Dənizli, Ərzurum, İzmir, Kayseri, Kocaeli, Konya, Kütahya, Manisa və Rize kimi ölkəmizin müxtəlif şəhərlərində fəaliyyət göstərən bir çox sektordan şirkətlər bizə qoşulub", - Birjanın direktoru bildirib. (Marja)