Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Mingəçevir şəhərində yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edib.
Bakıda kosmetoloji vasitələrin satışı anbarı bağlandı
FED.az xəbər verir ki, FHN-nin açıqlamasına görə, Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən mağazadakı nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki: - obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- daxili yanğın kranları işlək vəziyyətdə deyil; - obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilir;
- obyekt odsöndürən balonlarla təmin olunmayıb; - yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır;
- obyektin zirzəmisində müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb; - obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
- tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.
«Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək»-deyə FHN xəbərdarlıq edib. Burada göstərilənləri əsas tutaraq Xidmətin qərarı ilə Müslüm Maqomayev küçəsi, 81/20 ünvanında yerləşən “Baku Electronics” MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.





















