Quba rayonunda fəaliyyət göstərən “Qubaekoaqrar” MMC ABŞ-a məhsul ixrac ediləcək.
Eləcə də bax: Azərbaycanda ilk dəfə cins parça - İSTEHSALINA BAŞLANILACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı "Azərtac"a istinadən xəbər verir ki, zavodun direktoru Şahin Orucov müsahibəsində bildirib ki, müəssisə ötən il Rusiyaya 100 ton məhsul ixrac edib. Bundan başqa, zavodun məhsulları Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreyada təşkil olunan beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək rəğbətlə qarşılanıb. Emal edilən məhsulların bir hissəsi Amerika Birləşmiş Ştatlarına ixrac ediləcək. Zavodda istehsal olunan kompotlardan dörd çeşidinin ABŞ-a göndərilməsi üçün razılıq əldə edilib. İstehsal olunan məhsullar xarici bazarlara “Made in Azerbaijan” brendi ilə çıxarılır.
“Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodu 2018-ci il oktyabrın 11-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Zavod sutkada 2 ton quru meyvə və 4 ton fındıq istehsalı gücünə malikdir. Burada meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb.
Şahin Orucov bildirib ki, hazırda zavodda 29 çeşiddə mürəbbə, 10 çeşid kompot, bibər və pomidor tomatı, alma çipsi, alma qurusu istehsal olunur. Ümumilikdə, zavodun 44 çeşiddə məhsulu satış mərkəzlərində təqdim edilir.
Müəssisənin xammala olan tələbatı Quba və ətraf rayonlardan, həmçinin cənub zonasından tədarük edilən məhsullar hesabına ödənilir. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərir və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradır. Meyvələrin emal olunaraq xarici bazarlara çıxarılması regionun ixrac potensialının artmasına da şərait yaradır.
“Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunda əhalidən tədarük edilmiş almalar ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma qurusu, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.
Yaxın gələcəkdə zavodda xarici istehsal üçün nəzərdə tutulan məhsulların çeşidini artırmaq nəzərdə tutulub.
Hazırda zavodda gətirilən xammal birbaşa emal prosesinə yönləndirilir. Gələcəkdə isə müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması nəzərdə tutulur.
Regionda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixrac həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə töhfə verməklə yanaşı, məşğulluğun artırılmasına da səbəb olur. “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunda 50 nəfərə yaxın yerli sakin işlə təmin edilib.