Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə təqribən 20 dollar və ya 34 azərbaycan manatı deməkdir
FED.az-ın məlumatına görə, virtualaz.org xaricdə mənzillənmiş "Türkmənistan xronikası” saytına istinadən xəbər verir ki, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki prezident Qurbanqulu Berdıməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha.
Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə söcdələşirlər və onlardan siqareti qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.
Qara bazar qiymətləri ilə siqaretin bir ədədi çəkənləri 3.5 manata başa gəlir. Nəticədə siqaret çəkənlər alverçilərdən siqareti ədədlə almağa məcbur olurlar.
Türkmənistanın dövlət mağazalarında tütün məhsullarının satışı avqustun sonlarında dayandırılıb. Ölkə əhalisi hesab edirdi ki, siqaretlər piştaxtalara Xalq Məsləhətinin sentyabrın 25-də keçirilən iclasından sonra qayıdacaq. Ancaq bu baş verməyib. "Türkmənistan xronikası” xəbər verir ki, hakimiyyət ölkəyə İrandan siqaret gətirilməsi kanalını bağlayıb. Siqaretləri Aşqabad aerportunda da müsadirə edirlər, hərçənd əvvəllər adambaşına iki qutu keçirməyə icazə verirdilər.
Qonşu ölkədə siqaretin qutusu 20 dollara qalxdı
23:57
11 Okt 2018