Qlobal lüks mallar seqmentinin nəhəngləri çantalar, paltarlar, ayaqqabılar və zərgərlik məmulatlarının qiymətlərini artırır, lakin istehlakçılar öz narazılıqlarını bildirməyə tələsmirlər.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Dünyanın ən böyük lüks mallar istehsalçısı "LVMH Moet Hennessy Louis Vuitton SA" bu həftə bütün dünyada əl çantalarının qiymətlərini bəzi hallarda ikirəqəmli faiz ifadəsində artırıb, "Bernstein Research" şirkətinin məlumatında deyilir. Şirkətin hesablamalarına görə, qiymətlər orta hesabla 6-7% artırılıb. "Bernstein" hesablayıb ki, bəzi bazarlarda bir sıra məşhur modellər 25% bahalaşıb.
WSJ yazır ki, imkanlı alıcılar qiymət artımını sakit qəbul etdikcə və bəzi hallarda hətta gözlədikcə, brendlər tələbatı azaltmaq riski olmadan, ümumiyyətlə, məhsullarının dəyərini artıra bilərlər. Bu vəziyyət alıcıların qiymət artımına daha çox həssas olduğu kütləvi bazardakı vəziyyətlə ziddiyyət təşkil edir.
"Compagnie Financiere Richemont SA" da son aylar ərzində bir sıra saat və zinət əşyalarının qiymətlərini artırır. Eyni zamanda, "Versace" və "Jimmy Choo" geyim və ayaqqabılarının qiymətlərini artırmağı planlaşdırır.
Bu arada, bəzi hallarda qiymət artımı hələ də şirkətlərin məhsullarına olan tələbata zərbə vurur. Belə ki, "Chanel SA"in bəzi müştəriləri brendin əl çantalarının qiymətlərinin kəskin artması ilə bağlı narazılıqlarını bildiriblər.