Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Araz" Supermarket MMC-nin Sabunçu rayonu Yeni massiv 2164 ünvanında yerləşən mağazasının piştaxtasında istifadə müddəti bitmiş ərzaq məhsullarının satılması ilə bağlı araşdırmalara başlayıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən FED.az-a verilən məlumata görə, agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir.
Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.
Həmçinin qeyd olunur ki, müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla planlı yoxlamalar aparılır. Planlı yoxlamalar qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin risk səviyyəsi nəzərə alınmaqla əvvəlcədən tərtib və təsdiq olunmuş cədvəl üzrə həyata keçirilir.
Bununla yanaşı, vətənadaşlardan konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Agentlik fəaliyyətə başladığı ilk gündən həyata keçirilən yoxlamalar və digər nəzarət tədbirləri ilə bağlı məlumatlar AQTA-nın rəsmi internet saytında (afsa.gov.az) ictimaiyyətə təqdim edilir.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində, həmçinin satış şəbəkələrində məhsulların istehsalı, emalı, qablaşdırılması, saxlanması və satışı ilə bağlı normativ texniki sənədlərin tələbləri pozulduqda qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər həyata keçirilir. Bununla yanaşı, istehlakçı hüquqlarının pozulması halları aşkar edildikdə qanunvericiliyə uyğun olaraq sahibkarlıq subyektləri inzibati qaydada məsuliyyətə cəlb olunur.
Agentlikdən bildirilib ki, “Araz Market”də vaxtı keçmiş məhsula gəlincə isə, bildiririk ki, bununla bağlı olaraq AQTA müfəttişləri tərəfindən araşdırmalara başlanıb. Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, "Araz" Supermarket MMC-nin Sabunçu rayonu Yeni massiv 2164 ünvanında yerləşən mağazasının piştaxtasında istifadə müddəti bitmiş ərzaq məhsulları satılıb. Müştəri piştaxtada 22 may 2020-ci il tarixində istehsal olunmuş və istifadə müddəti 22 may 2021-ci il tarixində bitən, vaxtı keçmiş şokolad yağlarının satıldığının şahidi olub. Müştərinin satıcıya iradından sonra piştaxtadakı vaxtı keçmiş məhsullar yığışdırılıb.