2018-ci ilin yanvar-avqust ayları üçün qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin reytinqi açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə ,2018-ci ilin yanvar-avqust ayları ərzində ilk 10 qeyri-dövlət subyektlərinin ixrac etdikləri qeyri-neft sektoru mallarının ümumi dəyəri 322,2 mln dollar olub.
Bu şirkətlərdən 1-ci yerdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” nin Azərbaycandakı nümayəndəliyinin ixracda payı 2018-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nəzərərn 32,14% və ya 22,5 mln dollar artaraq 70 mln dollar olub.
2-ci yerdə “MKT İstehsalat Kommersiya” MMC olub ki, şirkətin ixracda payı ötən ilə nisbətən 2,4 dəfə artaraq 48,1 mln dollara çatıb.
3-cü yerdə olan “Kapitan Fruits”MMC ötən il heç bir məhsul ixrac etməyib, bu il isə 47,8 mln dollarlıq məhsul ixrac edərək 100% artıma nail olub.
4-cü “Baku Steel Company” MMC də isə 2018-ci ilin yanvar-avqust aylarındakı ixrac ötən ilə nisbətən 15,83% və ya 7 mln dollar azalaraq 37,2 mln dollara enib.
“Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC və “Azfruıttrade” MMC hər iki şirkətin ötən il qeyri-neft sektoru üzrə mal ixrac etməyiblər , bu il isə müvafiq olaraq 23,7 mln dollar və 22,9 mln dollar dəyərində mal ixrac edilib.
“Food Export Şəmkir” MMC ixrac etdiyi malların dəyəri 2,3 dəfə artaraq 22,8 mln dollara çatıb.
“Azərbaycan Şəkər İstehsalat Birliyi”MMC-in ixracı ötən ilə nisbətən 47,69% azalaraq 17 mln dollar olub.
“Sun Food” MMC-nin ixracında isə 12,6% azalma baş verib və rəqəmlər 16,6 mln dollara düşüb.
İlk onluqda olan yeganə fiziki şəxs İskəndərov Sahib Səməd oğlunun ixracı isə bu il 11,04% azalaraq 16,1 mln dollar təşkil edib. Amma hətta bu azalmadan sonra da Sahib İskəndərov ölkədən ən çox ixrac edən fiziki şəxs sayılır.