Bu ilin 9 ayında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub
FED.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunub.
Eləcə də bax: Qeyri-neft sektoru üzrə ixracdakı vəziyyət - AÇIQLANDI
İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb.
Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2 milyon və İtaliyaya 34,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.
2019-cu ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 136 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon ABŞ dolları), Türkiyəyə (25,4 milyon ABŞ dolları), İsveçrəyə (13,9 milyon ABŞ dolları), Gürcüstana (12,5 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon ABŞ dolları) üçüncü olub.