Martın 10-da Qətər Dövlətinin paytaxtı Doha şəhərində 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022” öz işinə başlayıb.
FED.az xəbər verir ki, Doha Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan pavilyonunda “Made in Azerbaijan” brendi ilə yerli məhsullarımız nümayiş olunur. Sərgidə kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən zəfəran, çiyələk, mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar, narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və soyuq sıxım qida yağları və s. sərgilənir. Pavilyonda həmçinin, yerli şirkətlərimiz tərəfindən kənd təsərrüfatı üçün müasir həllər, aqrar sahə üzrə biokimya məhsulları və zəhərli tullantıların təkrar emalı üzrə xidmətlər təqdim olunur.
Pavilyonumuzda həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, KOBİA-nın ölkəmizə investisiya yatırmaqda və yerli tərəfdaşlarla əməkdaşlıq qurmaqda maraqlı olan xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilir, video və çap materialları nümayiş olunur.
Martın 14-dək davam edəcək sərgi çərçivəsində iş adamları arasında görüşlərin keçirilməsi üçün Azərbaycan pavilyonunda müvafiq şərait də yaradılıb.