Qarabağ bölgəsində turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan- Türkiyə İş Adamları” İctimai Birliyinin Ümumi yığıncağında çıxışı zamanı bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq ilə bağlı KOBİA-ya mindən artıq yerli və xarici şirkətlərdən müraciətlər daxil olub.
“Sevindirici haldır ki, daxil olmuş xarici müraciətlərin əksəriyyəti Türk şirkətlərinə məxsusdur və onların sayı 100-dən çoxdur. Müraciətlər əsasən tikinti, sənaye, turizm, ticarət və xidmət, kənd təsərrüfatı və digər sahələri əhatə edir.
Ümumilikdə, dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq imkanları genişdir.
Əminəm ki, birgə səylərimiz ilə iki qardaş dövlət arasında biznes əlaqələrinin daha da inkişafına və qarşıya qoyulmuş hədəflərə nail olacağıq. ATİB də öz səmərəli fəaliyyəti ilə müvafiq sahədə bundan sonra öz töhfəsini verəcəkdir “- deyə O.Məmmədov qeyd edib. (Trend)