Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün daha əlverişli mühit yaradılacaq.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti sahəsində qadınlar üçün hər hansı məhdudiyyət nəzərdə tutulmur, eyni zamanda, qadınlara münasibətdə xüsusi güzəşt və imtiyazlar da müəyyənləşdirilmir. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından tutmuş lisenziya və icazələrin verilməsi, vergi öhdəlikləri, yoxlamaların aparılması, pozulmuş hüquqların bərpası və s. kimi məsələlərədək heç bir cins fərqi və üstünlüyü müəyyənləşdirilmədən sahibkarlıq subyektləri öz hüquqlarını həyata keçirməkdə bərabər imkanlara malikdirlər.
Yol xəritəsində bildirilir ki, 2017-ci ildə qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçiriləcək. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlər hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaq. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək.
Bundan başqa, 2017-2020-ci illərdə qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq agentliyinin nəzdindəki məlumat portalında bununla bağlı xüsusi bölmə yaradılacaq və əlaqəli məlumatlar burada öz əksini tapacaq.
Həmçinin, qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq.
Həmin illərdə qadın sahibkarlığının inkişafına töhfə vermək üçün qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılması təşviq ediləcək. Bu qurumların fəaliyyət sahəsinə qadınlar üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması məsələləri ilə bağlı hökumətlə konstruktiv dialoq aparmaq, qadınların imkanlarını məhdudlaşdıran gender stereotiplərini aradan qaldırmaq üzrə addımlar, qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində geniş məlumatlandırma kampaniyalarının təşkili daxil ola bilər.
Bu prioritetin icrası nəticəsində ölkədə qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı daha da artacaq. Bu fəaliyyətlər həmçinin məşğulluq göstəricilərində də qadınların payının artmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında (4915,3 min nəfər) qadınların sayı 2404,5 min nəfər olub. Qadınların təmsilçilik göstəriciləri məşğul əhalinin sayında (4671,6 min nəfər) da aşağı səviyyədədir – belə ki, məşğul kişilərin sayı 2408,2 min, məşğul qadınların sayı isə 2263,4 min nəfər təşkil edib. Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərir – 243,7 min nəfər işsizin 141,1 min nəfərini qadınlar təşkil edib. Rəsmi statistikaya əsasən, onlardan yalnız 11,1 min nəfəri işsiz statusu alıb.
İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin 58,8 faizi kişilər, 41,2 faizi isə qadınlar olub. Qadınlar daha çox təhsil, səhiyyə və incəsənət sahələrində təmsil olunurlar. Təhsil sahəsində çalışanların 71,4 faizini, səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 76,6 faizini, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların 63,6 faizini qadınlar təşkil edib.