Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb.
FED.az xəbər verir ki, yanvarın 22-də çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçuluq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı Füzuli rayonunda tədbir keçirilib.
Eləcə də bax: Naxçıvanda biznes qurmaq istəyən qadınlar – SƏRMAYƏ KAPİTALI ALIBLAR
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi, “Sosial Tərəqqi” İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsi çərçivəsində icra olunan biznes layihələrin hər biri 5000 avro dəyərində avadanlıqlarla təchiz edilib.
Eləcə də bax: Prezident qadınlara səsləndi: “İşləyin, ərlərinizdən - AZ ASILI OLUN” - VİDEO
Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və 5 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb.
Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.
Qeyd edək ki, 2019-2020-ci illəri əhatə edən “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsinin icrası məqsədilə qadın icmaların iştirakı ilə MMC-lərin yaradılması, müvafiq biznes layihələrinin seçilməsi üçün KOBİA-nın Qəbələ-Oğuz və Füzuli üzrə KOB dostlarının, BMT İnkişaf Proqramının, “Sosial Tərəqqi” İctimai Birliyinin təmsilçiliyi ilə komissiya formalaşdırılıb. Komissiya tərəfindən məcburi köçkün qadın qrupları tərəfindən təqdim edilmiş 10 biznes layihəsi arasında qiymətləndirmə aparılıb və onlardan 5-i dəstək göstərilməsi üçün seçilib.