“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİ ), İsveçrə Əməkdaşlıq Təşkilatının Gürcüstanda yerləşən Nümayəndəliyi Tovuzda 32, Oğuzda 2, Gədəbəydə 3 qadın sahibkarlar tərəfindən yaradılmış müəssisələrin açılmasına dəstək göstərib”.
Eləcə də bax: Azərbaycan Almaniya və ərəb ölkələrinə - GEYİM İXRAC ETMƏYƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bunu AQSİ-nin İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
S.Babayeva deyib ki, həmin müəssisələrin açılışı martın əvvəllərində nəzərdə tutulur: “Bu tipli müəssisələrə dəstək verməkdə məqsədimiz bölgələrdə yaşayan qadınların rifahını artırmaqdır”.
Onun sözlərinə görə, sözügedən müəssisələr ümumilikdə kənd təsərrüfatının müxtəlif sahələrinə və xidmət sektoruna aid olan sahələri əhatə edir: “Müəssisələr arasında çörək emalı, şirniyyat sahəsi üzrə fəaliyyət göstərəcək kiçik müəssisələr, həmçinin kiçik həcmli restoran, qadınlar üçün fitnes klub və digərləridir. Bununla yanaşı, layihə çərçivəsində bir sıra qadınlara dərzilik kursları keçirilib və həmin qadınlara tikiş avadanlığı paylanılıb”.
Xatırladaq ki, Azərbaycanda qeydiyyatdan keçmiş fərdi sahibkarların, təxminən, 20 faizini qadınlar təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2019-cu ildə bildirmişdi ki, Azərbaycanda son 16 ildə 4327 qadın sahibkara 79,1 milyon manat kredit verilib. Qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6 797 yeni iş yeri açılıb.
Report