Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin ən böyük hissəsi biznes kreditlərinin payına düşür. Oktyabrın 1-nə olan məlumata görə, problemli biznes kreditlərinin həcmi 450,9 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 milyon manat və ya 5,4% artım deməkdir.
Ötən il oktyabrın 1-də bankların problemli biznes kreditləri portfeli 427,8 milyon manat təşkil edirdi.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri daha da sürətlənib. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 76,1 milyon manat (20,3%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 1,5 milyon manat (0,3%) artım qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli ötən ilin eyni dövründə 427,8 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, bu ilin sentyabrın 1-də isə 449,4 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 2,9% təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (3,0%) və son bir ayla (3,0%) müqayisədə 0,1 faiz bəndi yaxşılaşıb. Lakin ötən ilin sonu (2,5%) ilə müqayisədə portfelin keyfiyyəti 0,4 faiz bəndi pisləşib.













