Xəbər verildiyi kimi, mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.
Forumda Litva prezidenti Gitanas Nauseda azərbaycanlı iş admmların ölkəsinə biznes qurmağa dəvət edib və onlara ən perspektivli sahələri açıqlayıb.
FED.az xəbər verir ki, Litva dövlət başçısı bu vəziyyətlə tanış olmaq üçün azərbaycanlıları bu il Litvaya səfərə dəvət edib: «Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var».
«Mənim ölkəmin – Litvanın çox saylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir»-deyə prezident bildirib.
Onun sözlərinə görə, azərbayxanlı iş adamları bütün il ərzində donmayan Klaypeda limanından istifadə edə bilərlər: «Sizin xüsusi diqqətinizi Litvanın Klaypeda dəniz limanına cəlb etmək istərdim. Həmin zonada dəniz buz bağlamır və o, Baltik dövlətləri arasında ən böyük limandır».
Digər perspektivli sahəsi Litvala külək və günəş enerjisi istehsalı imkanlarıdır: «Bütün il ərzində, Litva strateji baxımdan güclü, şaxələndirilmiş istehsal sektorunun qurulmasına diqqət yetirirdi. İndi isə ölkəmiz innovativ və yüksək texnoloji sektorlar üzərində çalışır. Güclü istehsal sabit enerji mənbələrini tələb edir. Son on il ərzində biz artıq böyük elektrik istehsalı işlərini icra etmişik, qaz və maye qaz terminalının tikintisi layihələrini həyata keçirmişik. Həmin terminalın inşası 2014-cü ildə başa çatdırılmışdır. Hazırda enerji sektorumuz günəş və külək enerji parklarından ibarətdir. Biz bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacağıq».
İş adamları üçün maraqlı olacaq daha bir sahə ərzaq məhsullarının istehsalıdır . Litvanın bu sahədə ciddi uğurları var – ölkənin məhsulları bütün dünyada qəbul edilir və 150 ölkəyə ixrac olunur: «Litvanın ərzaq və kənd təsərrüfatı sahəsinin gücü müxtəlif çeşidli məhsullarda görünür. Nəticədə, biz ərzaq məhsullarımızı 150-dən artıq ölkəyə ixrac edirik».
Prezident işarə edib ki, burada işçi qüvvəsi ilə də problem olmayacaq ölkədə gənc və savadlı işçi qüvvəsi var: «Bütün iqtisadi sahələr ixtisaslı əmək qüvvəsi sayəsində bir-biri ilə bağlıdır. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. İki onillik öncə Avropa İttifaqına qoşulduqdan sonra Litva iqtisadi uğur qazanmışdır. Mənim ölkəmdə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə biz yalnız İrlandiyadan sonra gəlirik».
«Mən Azərbaycanın işgüzar dairələrini Litvanın ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırıram. Hər iki ölkə üçün biznes əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Litvadan gəlmiş və fərqli sektorları təmsil edən işgüzar kişi və qadınlardan ibarət müxtəlif tərkibli heyətləri bu gün görməkdən çox məmnunam»-deyə prezident bildirib.