Təqribən il yarım əvvəl Azərbaycanın lotereya bazarında başlanan yenilik – «Azərlotereya»nın «Poz-Qazan» ani lotereyası indiyədək minlərlə insana uduş gətirib. Hər gün «Poz-Qazan» məntəqələrində çox sayda müxtəlif məbləğlər udulur, “Bakı KOB Evi”ndə isə daha böyük uduş qaliblərinin növbəsi yaranır.
Gəlirli biznesi olan 2500 nəfər
«Poz-Qazan» barədə danışarkən ilk növbədə uduşlu biletlər və onun xoşbəxt alıcılara qazandırdığı məbləğlər yada düşür. Bilet satışının özünün olduqca sərfəli biznes olması isə çoxlarının diqqətini cəlb edir. Bu sahənin gətirdiyi gəlirə və ən əsası biznesə başlama imkanına görə «Poz-Qazan» məntəqəsi açmaq ölkədə ən sərfəli biznes növlərindən biridir.
Rəsmi – «Azərlotereya»nın məlumatlarına görə, Azərbaycanda 2500-ə yaxın, daha dəqiqi 2470 ədəd «Poz-Qazan» satış nöqtəsi var. Satış nöqtələri isə fərqlidir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, eləcə də müxtəlif metrostansiyalar və bəzi supermarketlərdəki satış yerlərindən əldə etmək mümkündür.
Bu biznesdən ən çox regionlardakı kiçik sahibkarlar faydalanırlar. Satış nöqtələrinin 740-ı Bakı, Abşeron və Sumqayıtda, 1730-u isə regionlarda yerləşir.
Yeri gəlmişkən, «Poz-qazan» məntəqələri elə sürətlə inkişaf edir ki, ola bilər, bu məqaləni oxuyanda onların sayı daha da artmış olsun.
Şəxsiyyət vəsiqəsi, 3x4 ölçülü foto və ...işə başlamaq olar
«Poz-Qazan» məntəqəsi açmaq, ölkədə biznesə başlamaq üçün ən asan üsullardan biridir. Məntəqə açmaq üçün ilk növbədə müvafiq yer tapıb, «Azərlotereya»nın distributorlarında qeydiyyatdan keçmək lazımdır. Bu zaman məntəqə sahibindən şəxsiyyət vəsiqəsi, 3x4 ölçülü şəkil və satış məkanı barədə məlumat tələb olunur.
«Olduqca asan prosesdir. Baxırsınız, harada uyğun yer var, gedib «Azərlotereya»ya müraciət edirsiniz. Onlar da həmin ərazidə qanuni satış etmək üçün sənəd verirlər, işə başlayırsan»-deyə Bakının Nərimanov ərazisində «Poz-Qazan» məntəqəsi işlədən Əjdər Yarəhmədov prosesi FED.az-a izah edir.
Bunun əsasında «Azərlotereya»nın distributoru həmin şəxsə sertifikat verir. Həmin sertifikat ilə qeyd olunan ərazidə satış nöqtəsi açıb fəaliyyətə başlamaq olar. «Poz-Qazan» məntəqəsi işlədən Sevda Məmmədova isə bildirir ki, bəzən yer axtarmağa da ehtiyac olmur: «Azərlotereya»nın distributorları yer tövsiyə edir. Yer seçilir, razılıq əldə edilir və işləməyə başlayırlar».
Səliqəli ol, oyun qaydalarını bil
«Poz-Qazan» biletlərinin satış məntəqəsinin açılması ilə bağlı «Azərlotereya»dan sertifikat almaq kifayət edir: «Biletləri verirlər, satmaq bizlikdir».
Lotereya satıcılarına qoyulan tələblər də sadədir – səliqəli görünüş, dürüst və məsuliyyətli olmaq, satış nöqtəsini səliqəli saxlamaq... Qaydalara görə satıcı «Azərlotereya»nın təqdim etdiyi geyimdə olmalı və oyun qaydalarını əzbər bilməli dir.
«Azərbaycanda, bəlkə də, ilk 25 min manatı mənim satdığım «Poz-Qazan»la udublar»
Lotereyanın ləzzəti uduşlardır – «Poz-Qazan» bu sahədə məşhurdur. İndiyədək 100 və 200 min manatlıq böyük uduşlar, onlarla 10-25 min manat, yüzlərlə 1000 manatlıq, eləcə də minlərlə daha aşağı məbləğli uduşlar lotereya biletlərinə marağı artırıb. Bu yaxınlarda Goranboy şəhərində Aslan Aslanov “Şans yağışı” ani lotereyasından 200 min manat qazanıb.
«Bizdə böyük uduşlar az deyil, Azərbaycanda, bəlkə də, ilk 25 min manatı mənim satdığım lotereyada udublar. Yaxşı xatırlayıram, həmin alıcı 2 bilet almışdı, biri heç nə udmadı, digəri 25 min manat uddu. Sevindiyindən şoka düşmüşdü»-deyə «Xalqlar Dostluğu» tərəfdə «Poz-Qazan» məntəqəsində çalışan Sevda Məmmədova ilk böyük uduşu xatırlayır.
Maraqlıdır bu qədər çox qalibin olmasına rəğmən niyə onların bəzilərinin adları açıqlanır?
“Tez-tez “Azərlotereya”nın rəsmi saytı və sosial media səhifələrində mütəmadi olaraq qazanılan böyük uduşlarla bağlı məlumatlar paylaşılır. Şirkət şəffaflığın təmin edilməsi naminə hər zaman qaliblərin adlarının açıqlanmasının tərəfdarıdır və onlara adlarını açıqlamalarını icazə vermələri üçün daim müraciət edir. Lotereyada udan şəxslərin razılığı olduğu halda onların adları açıqlanır, şəkilləri yerləşdirilir, onlar haqqında videoreportaj hazırlanır, uduşlar göstərilir. Lakin qalib şəxsin kimliyinin bilinməsi məsələsi qanunvericiliklə tənzimlənir.
“Lotereyalar haqqında” qanuna əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz. Bu tələb qanunun 8-1.2-ci maddəsində öz əksini tapmışdır. Kimsə icazə vermirsə, onun adını açıqlamağa, foto və video görüntüsünü yaymağa şirkətin ixtiyarımız yoxdur. Beynəlxalq təcrübəyə əsasən də qalib şəxs kimliyinin açıqlanması və ya gizlədilməsi ilə bağlı qərarı özü verir”-deyə şirkətdən bildiriblər.
Qadınlar üçün sərfəli biznes
Göründüyü kimi bu biznes qadınlar üçün də stimulvericidir. Lotereya sektorunda xanım satıcıların varlığı belə deməyə əsas verir. Lotereya biznesinin əlverişli olması qadın sahibkarlığının inkişafı baxımından müsbət meyardır. Satış işinin həyata keçirilməsi prosesinin asan olması, qoyulan tələblərin qadınlara uyğunluğu onların bu biznesə maraqlı olmasına şərait yaradır.
Harada «Poz-Qazan» satmaq olmaz?
Satış məntəqələrinin yerləşmə məsələsində yeganə ciddi tələb – «Poz-Qazan» məntəqəsinin məktəb və bağçalardan uzaqda olmasıdır. «Azərlotereya»nın tətbiq etdiyi sosial məsuliyyət qaydalarına görə lotereya satış məntəqələri məktəb və bağçalardan azı 100 metr məsafədə olmalıdır. «Uşaqlara bilet satılmır – bütün biletlərin üzərində 18+ yazılıb»-deyə satıcılar dərhal bu məsələyə nöqtə qoyurlar.
Satış məntəqələrinin bir-birindən yerləşmə məsafəsinə gəlincə: «Onlar lap yaxında və ya uzaqda yerləşə bilər – biznesdir, onu sahibkarlar özləri tənzimləyir»-deyə distributor şirkətlərində bildirirlər. Buna baxmayaraq satıcıların fikrincə, «yeri elə seçmək lazımdır ki, daha əvvəl satış edən başqasına mane olmayasan. Bu həm onun, həm də sənin gəlirlərini azalda bilər. Ona görə də yeni məntəqə üçün gediş-gəliş olan yerə üstünlük vermək lazımdır, amma çalışmaq lazımdır ki, lap yaxında başqa məntəqə olmasın».
800-1000 manatla başlanan, ayda 1200-6000 manat gəlir gətirən biznes
Burada məntəqə sahibinin gəliri birbaşa satışın həcmindən asılıdır – Gündəlik satışın həcmi fərqlidir, 800, 1000, 1200 manat olur»-deyə Əjdər Yarəhmədov bildirir.
Təcrübə göstərir ki, gün ərzində satış məntəqələrində normal halda minimum 600 manatlıq, maksimum isə 3500 manata yaxın məbləğində satış etmək mümkündür. Nəticədə satıcının gündəlik qazancı 40 manatdan 200 manatadək dəyişir. Amma hava şəraitindən asılı olaraq küçədə fəaliyyət göstərən «Poz-Qazan» məntəqələrində satış həcmi fərqli ola bilər.
Daha bir müsbət cəhət odur ki, «Azərlotereya»nın biletlərini satan məntəqələr sadələşdirilmiş vergi ödəyiciləridir. Bu, Vergi Məcəlləsinin 218.4.2-ci maddəsi ilə tənzimlənir. Lakin bu müddəa lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlərə aid deyildir. Bu gəlirlər həmin Məcəllənin 218-1.1.6-maddəsinə uyğun olaraq vergidən azaddır. Satıcılar ancaq lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat)dan 4% sadələşdirilmiş vergi ödəyirlər (Vergi Məcəlləsi, maddə 219.4-1, maddə 220.9-1).
«Bəziləri sadəcə bəxtini sınayır»
Satıcılar deyir ki, «Poz-Qazan» alan müştərilərin bəziləri sadəcə bəxtini sınayır, digərləri isə lotereyada udan adamları görərək «Poz-Qazan» almağa gəlirlər: «Alıcılar bildirirlər ki, dost-tanışlar arasında böyük məbləğ udanlar var, onları görüb bilet almağa gəliblər».
Əjdər Yarəhmədov da 25 min manatlıq uduş gətirən bilet sata bilib. «1000 manatdan yuxarı ödənişlər də dəfələrlə olub, say-hesabı yoxdur. 50-100 manatlıq uduşlar isə adi haldır, hər gün udulur».
“Azərlotereya” Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısıdır
Azərbaycanda stimullaşdırıcı lotereyalar istisna olmaqla bütün növ lotereyaların təşkili və keçirilməsi ilə yalnız “Azərlotereya” məşğul olur. Şirkət lotereya oyunlarının qanun çərçivəsində, şəffaf keçirilməsini təmin edir. Lotereya oyunlarının satışı da qanuna uyğun həyata keçirilir. Hər satış qeydiyyatı aparılmaqla vergiyə cəlb olunur.
Bu bizneslə məşğul olmaq istəyənlər mütləq "Məsuliyyətli Satıcı" proqramı çərçivəsində yer alan sertifikasiya prosesini keçməlidirlər. Əsas tələb – məntəqənin məhz qeydiyyatda olduğu ünvanda yerləşib işləməsidir.
Proqram ani və tirajlı lotereya oyunlarının satışı ilə məşğul olan distributor və agent məlumatlarının mərkəzləşdirilmiş bazada toplanması, fəaliyyət ərazilərinin müəyyən edilməsi, məlumatların uyğunluğunun yoxlanması, sertifikasiya prosesi və digər mərhələləri əhatə edir.
Təqdim edilmiş məlumat və sənədlərin doğruluğu yoxlandıqdan sonra satış etməyə uyğunluğu təsdiq edən sertifikat distributor və ya agentə təqdim edilir. Sertifikatda fərdi agent və sertifikat nömrəsi olur.
«Pozuntu olanda sertifikatı ləğv edilir»
Satış nöqtələrinin sayının çox olmasına və gündən-günə artmasına baxmayaraq «Azərlotereya» və onun ərazi nümayəndələri hər bir məntəqəyə ciddi nəzarət edir. Bəzi pozuntular verilmiş sertifikatının ləğvinə və məntəqənin bağlanmasına səbəb ola bilər. «Bileti dəyərindən baha satdıqda, alıcı ilə düzgün rəftar etmədikdə, «Məsuliyyətli Satıcı» proqramının şərtlərinə əməl etməyəndə əvvəlcə xəbərdarlıq edilir, təkrar baş verdikdə isə sertifikat blok edilir». Bəzi hallarda isə sertifikat dərhal ləğv edilir. Bura insanları uduşlarda aldatmaq, biletlərə müdaxilə olunması kimi hallar aiddir.
Hazırda 1700-ə yaxın agent “Azərlotereya”nın təşkil etdiyi sertifikasiya prosesindən keçib və lotereya oyunlarının satışını həyata keçirmək üçün müvafiq sertifikatla təmin edilib.
Hər hansı məntəqə müdaxilə edərsə, «mütləq «Azərloteraya»nın ərazi nümayəndələri ilə əlaqə saxlamaq və ya qaynar xəttə zəng etmək lazımdır»-deyə şirkətdən bildirirlər.
Sizin neçə «Poz-Qazan» məntəqəniz var?
Bəzi sahibkarlar bir məntəqə ilə kifayətlənmirlər. Prosesin asanlığı və qaydaların şəffaf olması sahibkarlara imkan verir ki, əlverişli yer taparaq bir neçə «Poz-Qazan» məntəqəsi yaratsın və kifayət qədər gəlir əldə etsin.
Qaydalara görə adambaşına məntəqə sayında məhdudiyyət yoxdur: «Bir adam istədiyi sayda məntəqə aça bilər, limit yoxdur. Gəliş-gedişli və müştəri olan yer taparsa, istədiyi yerdə aça bilər»-deyə satıcılar bildirirlər.
Doğrudan da, bəzi sahibkarların 5-6, hətta 10 məntəqəsi var. Yuxarıda göstərilən gəlir məbləğlərini nəzərə alanda, bu məntəqələr öz sahiblərinə ciddi gəlir gətirir.
«Əvvəllər proses çətin idi, hər şeyi sahibkarlar özləri həll etməli olurdular. İndi daha rahatdır, heç kim dəyib-dolaşmır».
Nəhayət «Poz-Qazan» biznesinin daha bir üstünlüyü odur ki, bu biznesi reklam və ya təbliğ etməyə ehtiyac yoxdur. «Azərlotereya»nın həyata keçirdiyi marketinq və təbliğat aksiyaları bütün məntəqələrə diqqəti artırır. ««Azərlotereya» marketinq fəaliyyətinin düzgün tənzimlənməsi və idarəsi üçün marketinq strategiyasına xüsusi önəm verir. Markanın və məhsulun dəyərini formalaşdırmaq, analizlərin nəticəsində fəaliyyətin doğru təşkil edilməsi istiqamətində televiziya və radio, eləcə də rəqəmsal sahədə aktiv reklam yerləşdirilməsi, həmçinin outdoor çalışmaları (billboard, scroller, rəqəmsal monitorlar) böyük əhəmiyyət daşıyır»- deyə şirkətin marketinq üzrə meneceri Nərmin Yusifzadə bildirir.
Qeyd edək ki, «Azərlotereya»nın «Poz-Qazan» ani lotereya biletləri rəsmi distribütor və dilerlər vasitəsilə satılır. Bu bizneslə məşğul olmaq istəyənlər “Azərlotereya”ya müraciət edə bilərlər.
Mövzu ilə bağlı müşahidəmiz davam edəcək.