Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən FED.az-a bildiriblər ki, martın 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nərimanov rayonu ərazisindəki daş kəsimi sexlərindən Böyükşor gölünə çirkab suların axıdılması və sexdə tullantıların qalaqlanması faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinin (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə Bakı şəhər sakinləri O.Nəsibov və M.Səmədov barəsində protokol tərtib edilərək hər biri 600 manat məbləğində cərimə olunublar.
Habelə sexdə tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə protokol tərtib olunub və o, 500 manat məbləğində cərimələnib.