Daha əvvəl elan olunduğu kimi, 17 dekabr tarixində “JW Marriott Absheron Hotel”də PMD tərəfindən təşkil olunan “Əməkdaşlıq seminarı” baş tutdu.
FED.az xəbər verir ki, yer məhdudiyyətini və pandemiya şəraitini nəzərə alaraq, 150-yə yaxın şirkətin nümayəndələrinin iştirak etdiyi ənənəvi tədbirin keçirilməsində əsas məqsəd yerli tədarükçülərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, icra olunan layihələr barədə seminar iştirakçılarına geniş məlumat vermək, eləcə də “PMD Group” MMC-nin yeni loqosunu və korporativ stilini ictimaiyyətə təqdim etmək idi.
Tədbirdə PMD-nin səlahiyyətli şəxsləri tərəfindən şirkətin artıq həyata keçirdiyi və gələcəkdə icrasını nəzərdə tutduğu təmir, tikinti və bərpa layihələri haqqında məlumatlar verilmiş, tender və satınalmalarda iştirak qaydaları haqqında təlimat xarakterli təqdimat nümayiş etdirilmişdir.
Qeyd edək ki, bu görüş yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini və xidmətlərini təmin etmək, şəffaf və ədalətli biznes təcrübələrinə fokuslanaraq ən yüksək peşəkarlıq standartlarını formalaşdırmaq, tədarükçülərlə güclü və uzunmüddətli münasibətlər qurmaq üçün PMD tərəfindən təşkil olunan 4-cü belə tədbirdir və təkcə yerli tədarükçülərin cəlb olunmasını hədəfləməyən, ümumilikdə iqtisadiyyatın müvafiq sahəsinin inkişafına töhfə verən bir fəaliyyətdir.