Ötən il “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 872 milyon türk lirəsi təşkil edib.
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, il ərzində “Petkim”in faiz, amortizasiya və vergi öncəsi mənfəəti isə 1 milyard 523 milyon lirə olub. 2018-ci ildə şirkətin gəliri isə 9,3 milyard lirəyə çatıb.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib.
Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini qarşılayır. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.
“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir.