Veysəloğlu Şirkətlər Qrupuna (VSQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərməkdə davam edir.
FED.az xəbər verir ki, bu məqsədlə "Araz" supermarketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə birgə “Peşə hazırlığına dəstək” layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kursları təşkil edir və həmin şəxslərin işlə təmin edilməsini həyata keçirir.
Layihə çərçivəsində 19 iyul - 24 avqust 2023-cü il tarixində “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə ikinci hazırlıq kursu təşkil olunub. Kursu uğurla bitirən 5 işsiz şəxsə sertifikatlar təqdim olunub və onların “Araz” supermarketlər şəbəkəsində işlə təmin edilməsi prosesinə başlanılıb.
"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı üzrə növbəti kurslar 28 avqust – 27 sentyabr tarixlərini əhatə edir. Kurs iştirakçılarına tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd ödəniləcək, həmçinin onlara “Araz” supermarketlə şəbəkəsində istifadə etmək üçün 30 AZN dəyərində bonus kartı təqdim olunacaq. Tədris müddətini uğurla başa vurduqdan sonra həmin şəxslər “Araz” supermarketlər şəbəkəsi tərəfindən müvafiq sahə üzrə işlə təmin ediləcəklər.