Çinin paytaxtı Pekində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, ticarət evinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, Çində akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Dövlət başçısının müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb.
Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, Çindəki digər ticarət evləri ölkənin tanınmış şəhərlərindən olan Çindao, Çengdu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhanda 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 “Azərbaycan şərab evi” var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir.
Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb.
Digər ticarət evlərində olduğu kimi bu ticarət evində də Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına və sərmayə mühitinə aid materiallar nümayiş olunur. Burada, ticarət evi ilə yanaşı, Azərbaycan təamlarının təklif olunduğu restoran da fəaliyyət göstərir.