Azərbaycanda payız sərgi mövsümü oktyabr ayında açıq elan ediləcək.
FED.az xəbər verir ki, təşkilatçının yaydığı məlumatda bildirilir ki, ilin ilk yarısında ölkəmiz konqres və sərgilər daxil ümumilikdə 9 tədbirə ev sahibliyi edib. İkinci mövsümdə isə bu sərgilərin sayı 7 olacaq.
Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək tədbirlər cari ilin oktyabr-noyabr aylarını əhatə edəcək.
19-21 oktyabr tarixlərində “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir: keçən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın istifadəyə verilməsi gözlənilir. Nümayiş olunacaq yeniliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsidir.
Artıq 3-cü il keçiriləcək olan Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərgisinin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. İştirakçıları arasında həm Azərbaycan şirkətləri, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaqdır. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, , enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcəkdir. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunub.
Təqvimdə eyni tarixlərdə 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “Bakubuild” sərgisi keçiriləcəkdir. Bu sərgi uzun illərdir ki, tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir. “BakuBuild” şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər innovativ tikinti materialları, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri və tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. Sərgi müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. “BakuBuild” sərgisi interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir. Sərgisinin sponsoru “NB Qrup” ASC-dir.
Növbəti keçiriləcək sərgi 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgisi olacaqdır. Sərgi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar təqdim olunur.
Payız mövsümünün bir digər sərgisi 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisidir. Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbir olan bu sərgi ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
“Xəzər İnşaat Həftəsinin” iştirakçı ölkələri arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Bundan başqa, İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Layihələrin davamı olaraq 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. “Medinex” sərgisi Azərbaycanda tibb və səhiyyə sahələrini əhatə edən yeganə kompleks tədbir, həmçinin istehsalçılar, distributorlar və səhiyyə mütəxəssislərini bir araya gətirən nüfuzlu və mühüm tibb tədbirlərindəndir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər. Sərginin tibbdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məhsullar, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, laboratoriya avadanlıqları və texnologiyaları, tibb müəssisələri üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, dietologiya, tibbi təhsil, sanitar nəqliyyat bölmələri üzrə təşkil olunması nəzərdə tutulur. İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistan, Koreya Respublikası və s. kimi ölkələr yer alır. “Medinex-2023” sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.
“Medinex” sərgisi ilə eyni tarixlərdə gözəllik industriyası sərgisi “Beauty Azerbaijan” keçiriləcək. Belə ki, sərgi çərçivəsində “SPA & Welness”, kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, dekorativ kosmetika, peşəkar kosmetika, salon avadanlıqları, dırnaq xidmətləri üçün vasitə və alətlər, saça və bədənə qulluq vasitələri kimi sektorlar üzrə məhsul və xidmətlərin nümayişi gözlənilir. “Medinex” və "Beauty Azerbaijan" sərgiləri çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərgilər çərçivəsində ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır. Beləliklə, “Medinex” və "Beauty Azerbaijan" sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradacaq.
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin iştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistan, Çin, Koreya Respublikası və s. kimi ölkələr yer alır.
Payız mövsümünün son layihəsi isə 15-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək və oxucuları sevindirəcək olan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisidir. Hər il mütəmadi olaraq keçirilən sərgi bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə daha da önəm qazanacaqdır. Ulu Öndərin mənəvi zənginliyin açarı olan kitablara, ədəbiyyata olan dəyəri bu gün də sözügedən sərgilərin keçirilməsi timsalında cəmiyyətə töhfəsini verməkdədir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi öz iştirakçılarına regionda nəşriyyatın tonunu təyin etmək imkanı verən mühüm hadisədir. Müxtəlif ölkələrin və şirkətlərin iştirak edəcəyi sərginin məqsədi yerli əhali arasında mütaliə mədəniyyətinin təşviqi, yazıçılar və oxucular arasında görüşlər üçün platformanın yaradılması, yazıçı və nəşriyyatlar arasında işgüzar münasibətlərin qurulmasıdır. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirlərin təşkili, bundan başqa, məşhur yazıçılarla görüş, imza saatları, kitab təqdimatları, seminarlar və s. keçirilməsi gözlənilir. Hər il 40 minə yaxın ziyarətçi sayı olan və hər yaş kateqoriyasından böyük marağa səbəb olan Bakı Beynəlxalq Kitab Sərgisi istehlakçılarla ünsiyyət qurmaq, brendşüurunu artırmaq, rəqəmsal əsrdə ölkəmizdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və ideyaları bölüşmək üçün mühüm rol oynayır.
Sözügedən tədbirlərin təşkilatçıları Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir. 2023-cü ildə sərgilərin tərəfdaşları arasında: stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Greenwich Travel Club” turoperatoru, eləcə də yükdaşıma şirkəti “Caspian Freight Services” yer alır.