Azərbaycanda pandemiya səbəbindən tətbiq edilən karantin rejimi qaydaları çərçivəsində fəaliyyətinə qadağa qoyulan bir çox sahələrə son aylarda yumşalma qərarları tətbiq edilib. Lakin bir il 7 aydır ki, qadağa olunan qəlyanın istifadəsinə hələ icazə verilməyib. Bu səbəbdən ölkənin məşhur restoran şəbəkələri və çay evlərinin sahibləri Operativ Qərargaha müraciət ediblər.
Eləcə də bax: Azərbaycanda koronavirusa görə qəlyandan istifadə - QADAĞAN EDİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sahibkarlar bildiriblər ki, çay evlərində gündəlik dövriyyənin 70-80 faizi qəlyandan asılı olub. Amma pandemiya dönəmində tətbiq edilən qadağa onların biznesini elə qeyd edilən faizdə geri salıb.
100-ə yaxın sahibkarın qoşulduğu müraciəti məşhur “145” və “Cafe Park” şəbəkəsi, Mütəkkə, Smoke, Dəzgah, Samovar, Mixək, Nəlbəki, Lucca, The house by Emiland, Badam, R-Club, Cuba, Arabesk, Zəmzəm, Mokka, Riposo, Üzüm, The Lodge, Çardaq, Arabesqxana, Evolution, Billioner, Deluxe, Black lounge, Karamel və digər obyektlərinin sahibləri imzalayıb.
Qeyd edilir ki, bu dövr ərzində satış olmadığı üçün artıq iflas həddinə çatıblar: “Bizə sahibkar olaraq külli miqdarda zərər dəyib, bundan asılı olaraq qazancımız olmadığı üçün dövlətə verdiyimiz vergi də əhəmiyyətli dərəcədə azalıb. Məcburiyyətdən kütləvi sayda işçi ixtisar etmişik, ümumi olaraq bu sahədə təxminən 70 faiz insan işiz qalıb. Həmin insanların ailələri də maddi olaraq çətin vəziyyətdədirlər. Əvvəl 50 əməkdaşı olan çay evləri indi 4-5 işçi ilə işləyirlər. Qəlyan vermirik deyə digər xidmətlər də satılmır. Biz sahibkarlar yığışıb təxmini bir hesablama aparmışıq. Ölkədə 5 minə yaxın qəlyan verən obyekt var, günə orta hesabla götürsək, 30 manatdan 30 qəlyan satırdıqsa, bu gündəlik 4,5 milyon manat dövriyyə demək idi. Bu hesabla, pandemiya dövründə qəlyan qadağasına görə təxminən 2,5 milyard manatlıq dövriyyə əldən çıxıb”.
Sahibkarlar qeyd edir ki, Rusiya, Gürcüstan, Almaniya, İspaniya, ABŞ, İtaliya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və digər dünya ölkərinin bir çoxunda restoranlara icazə veriləndə qəlyandan istifadəyə qoyulan qadağa da götürülüb: “Həmin ölkələrdə bəzi qaydalar müəyyənləşdirilib və bu şərtlərlə qəlyandan istifadəyə icazə verilib. Biz də rəsmi qurumların müəyyənləşdirdiyi şərtlərlə işləməyə hazırıq. Onsuz da pandemiyadan sonra icazə verilən bütün sahələrdə bəzi qadağalar var. Məsələn, qapalı yerdə maska taxmaq, dezinfeksiya tədbirləri və digər xüsusi qaydalar tətbiq edilir. Biz təklif edirik ki, rəsmi qurumlar qəlyanla bağlı da həmin qaydaları müəyyənləşdirsin və bu şərtlərlə fəaliyyətimizə icazə verilsin.
Biz sahibkarlar olaraq da təklif edirik ki, birdəfəlik borulardan istifadə edilsin və bir qəlyandan yalnız bir nəfər istifadə etsin. Bu borulardan istifadə edilməsi koronovirusun yayılmasının qarşısını alacaq. Sifariş verən şəxsin adı və soyadı yazılmış kağız qəlyanın üzərinə yapışdırılsın. Polis də reyd keçirəndə qəlyanın kimə məxsus olduğu bilinsin. Qəlyan avadanlıqları da hər istifadədən sonra dezinfeksiya olunub təmizlənsin. Bu, sadəcə bizim təklifimizdir, rəsmi qurumların müəyyən etdiyi digər şərtlərlə də işləyə bilərik”.