Dünyanın əsas məişət kimyası və ggigiyena məhsulları istehsalçılarından olan «Procter & Gamble» şirkəti tələbatın və satışların azalması səbəbindən 7 min işçisini ixtisar etməyə hazırlaşır.
FED.az xəbər verir ki, Amerika şirkəti «Procter & Gamble» (P&G) qarşıdakı 2 il ərzində ofislərində çalışan 7 min nəfəri ixtisar edəcək. Bu barədə «The Wall Street Journal» (WSJ) qəzeti şirkətin rəhbərliyinə istinadən xəbər verir.
Şirkət bildirir ki, işçilərin ixtisarı şirkətin yenidən qurulması çərçivəsində həyata keçiriləcək. Bu dəyişiklik nəticəsində iş heyəti daha kiçik qruplara bölünəcək.
İxtisarın əsas səbəbi «Procter & Gamble» məhsulların tələbatın və satışların azalmasıdır.
Şirkətin apreldə açıqladığı rüblük hesabata əsasən (yanvar-mart aylarını əhatə edir – FED.az) ilk 3 ayda «Procter & Gamble»in satışları 19,8 milyard dollar təşki edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır. Ötən ilin eyni dövründə satışlar 20,2 milyard dollar idi.
FED.az xəbər verir ki, əsas azalma – gözəllik (2% azalma), dəriyə qulluq (2% azalma), uşaq, qadın və ev əşyaları (4% azalma) və parça məhsullarında (3% azalma) qeydə alınıb.
Bununla əlaqədar olaraq şirkət bəzi məhsullarının istehsalını dayandıracaq. Belə ki, bəzi məhsulların çeşidi azaldılacaq, bəzilərinin istehsalı ümumiyyətlə dayandırılacaq, bəzi brendlər isə başqa şirkətlərə satılacaq.
Xatırladaq ki, aprel ayında «P&G» şirkəti rüblük satışlarının azaldığını elan edib, illik satışlar üzrə proqnozunu aşağı salıb. Bəzi məlumatlara görə, «Procter & Gamble» bu il satışlarının artmasını gözləmir, halbuki, ötən il bu göstərici 2-4% artmışdı.
Şirkət satışlarının azalmasını geosiyasi vəziyyətlə, xüsusilə də ABŞ-ın başladığı tarif müharibəsi ilə izah edir.
Xatırladaq ki, «Procter & Gamble» dünyanən istehlak malları bazarının əsas oyunçularındandır. Buraya 80 tanınmış brend, o cümlədən «Gilette», «Pampers», «Head & Shoulders» və «Ariel» məhsulları aiddir. Ötən ilin iyuluna olan vəziyyətə görə, «Procter & Gamble»nin 108 min nəfər işçisi var.