Pakistan Azərbaycana iki ölkənin biznes imkanları barədə konfrans keçirməyi təklif edir.
Trend-in məlumatına görə, bu barədə Pakistanın federal ticarət naziri Xürrəm Dastgir Xan deyib: "Biz Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi və biznes nümayəndə heyətini İslamabada dəvət etmək istəyirik. Böyük məmnuniyyətlə iki ölkənin mütəxəssisləri və iş adamları ilə biznes imkanlarını öyrənmək, analiz etmək üçün konfrans təşkil etməyə hazırıq".
Ticarət naziri Pakistanda Azərbaycan məhsullarının sərgisini də təşkil etməkdə maraqlı olduqlarını vurğulayıb. "Bu bizim sahibkarlara Azərbaycan məhsulları ilə daha yaxından tanış olmağa imkan verər".
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr ayında Pakistanla ticarət dövriyyəsi ötən illə müqayisədə 3,6 dəfə artaraq 5,82 milyon dollar təşkil edib.