Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə "Made in Azerbaijan" brendli məhsullarının satışının Pakistanda həyata keçirilməsi məqsədilə ölkəmizin ilk yerli təbii kosmetika istehsalçı şirkəti olan "Gazelli Group"un məhsullarının tanıdılmasına başlanılıb.
Eləcə də bax: Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumda - 2 500 Sahibkar İştirak Edəcək
FED.az xəbər verir ki, bu məqsədlə İslamabada olan "Gazelli Group"un direktoru Nərmin İsmayılova Pakistanın bu sahədə fəaliyyət göstərən bir sıra şirkətləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə N.İsmayılova "Gazelli Group"un istehsal etdiyi yerli və təbii məhsullar barədə məlumat verib, şirkətin yüksəkkeyfiyyətli təbii məhsullarının Pakistan bazarında satışının həyata keçirilməsi üçün lazımi işlərin görülməsinə hazır olduğunu bildirib. Görüşlər çərçivəsində dünyanın bir çox müxtəlif brendlərinin də satışının həyata keçirildiyi Pakistanın “D.Watson” mağazalar şəbəkəsində Azərbaycanın "Gazelli Group" şirkətinin məhsullarının Pakistanda satışının həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
“D.Watson” mağazalar şəbəkəsinin rəhbəri Vaqar Zəfər Baxtavari ölkəmizin məşhur brendi olan "Gazelli Group"un məhsullarına böyük maraq göstərdiklərini, bu şirkətin fabrikləri ilə tanışlıq məqsədilə qısa zamanda Azərbaycana səfər edəcəyini də bildirib. (Azərtac)