Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.
FED.az xəbər verir ki, tədbirdə tibb biznesi sektorunu təmsil edən sahibkarlar və onlara xidmətlər göstərən dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri, eləcə də KOBİA yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Forumda tibb biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən özəl tibb sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik yanında İctimai Şuranın yaradılmasının cəmiyyət-sahibkar-dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricilərindən biri kimi dəyərləndirib, bir ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, İctimai Şuranın aktiv fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, forumun belə bir formatda təşkil olunmasında məqsəd sahibkarlar ilə dövlət orqanları arasında səmərəli əməkdaşlıq platformasını daha da genişləndirmək, bu sahədə mövcud çətinlikləri öyrənmək və həlli istiqamətində təkliflərin müzakirəsinə nail olmaqdır. Orxan Məmmədov özəl tibb biznesinin inkişafı istiqamətində bir neçə təkliflər də səsləndirib. Bildirilib ki, tibb biznesi sektorunda da təşkilatlanmaya, aktiv ictimai birliklərin yaradılmasına ciddi ehtiyac var və KOBİA belə təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan başqa, Pirallahı Sənaye Məhəlləsində əczaçılıq məhsullarının istehsalı üzrə güzəştli fəaliyyət rejimi mövcuddur və sahibkarlar bu imkandan yararlana bilərlər. Bu yaxınlarda işə düşən daxili bazar araşdırmaları mexanizmi tibb biznesi və əczaçılıq sektorunda bazar araşdırmalarının aparılmasında da istifadə oluna bilər və KOBİA belə müraciətlər olduğu təqdirdə müvafiq qaydalara uyğun olaraq biznes subyektlərinə dəstək göstərə bilər.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev ölkəmizdə səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri və islahatları qeyd edib, özəl tibb sektoruna müxtəlif vergi güzəştlərinin olunmasına, tibb turizminə dair fikirlər səsləndirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi, bu istiqamətdə həyata keçirilən pilot layihələr, özəl tibb sahəsində görülən işlər barədə məlumat verib, KOB-ların özəl tibb sektorunda da aktiv fəaliyyət göstərdiyini bildirib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçiriləcəyini bildirib. Artıq özəl təhsil sahəsində belə bir forum təşkil olunub.
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib