Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib.
FED.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır. Bununla yanaşı, 2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.
2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.
Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5%-dən 65,7%-ə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3%-i ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.
2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3%, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7%, istehsalda isə 30,1% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9%-dən 83,6%-ə, istehsalda isə 65,7%-dən 75,4%-ə yüksəlib.
Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7%-ə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8%), ticarətdə (43,7%), rabitədə (24,2%), sənayedə (16,9%) və digər fəaliyyət sahələrində (29,9%) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.
Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1% və 56,3% artmasıdır.