Dövlət Statistika Komitəsi (DSK) yanvar-avqust aylarında ölkə iqtisadiyyatında əsas kapitala yatırımları açıqlayıb.
FED.az komitəyə istinadən xəbər verir ki 2018-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilmişdir.
Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, əvəzində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artmışdır.
Komitənin məlumatlarına görə, ilk 8 ayda özəl sektorun yatırımları 35,6% azalaraq 4 milyard 628 milyon manat olub.
İstifadə olunmuş vəsaitin 6232,0 milyon manatı və ya 69,6 faizi məhsul istehsalı obyektlərinin, 2051,0 milyon manatı (22,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 670,6 milyon manatı (7,5 faizi) isə ümumi sahəsi 1247,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Ümumi sərmayənin 51,5 faizi dövlət, 48,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 59,4 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4627,8 milyon manat, bank kreditləri 1320,4 milyon manat, büdcə vəsaitləri 2259,0 milyon manat, büdcədənkənar fondların vəsaitləri 149,8 milyon manat, əhalinin şəxsi vəsaitləri 532,8 milyon manat, sair vəsaitlər 63,8 milyon manat təşkil etmişdir.