Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, nazirliyə ayrı-ayrı şəxslərin özlərini “əmək müfəttişləri” kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarların diqqətinə çatdırır ki, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.
Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil.
Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur.
Özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir RƏSMİ
17:32
8 Fev 2017