Restoran və kafe biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını KOBİA həmişə dəstəkləyib və bu istiqamətdə işlər davam etdirilir.
Eləcə də bax: Zəngilanın Ağalı kəndində bazar fəaliyyətə başlayır - KOBİA-nın dəstəyi ilə - İLK DƏFƏ
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Milli mətbəx dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Milli mətbəx təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə hər zaman fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Son illərdə həm ölkə daxilində həm də xaricdə Azərbaycan kulinariyasına əsaslanan bir çox ictimai iaşə obyektləri fəaliyyətə başlayıb. Restoran və kafe biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını KOBİA həmişə dəstəkləyib və bu istiqamətdə işlər davam etdirilir", - o bildirib.
O.Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir: "KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar təmsil olunur. Qida sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak edir və təmsil olunurlar. Sahibkarları bu prosesə cəlb etmə fəaliyyətində Assosiasiyaların rolu danılmazdır.
2019-cu ildə qeydiyyatdan keçmiş Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası çox aktiv fəaliyyət göstərən ictimai birlikdir və ölkədə kulinariya sahəsinin inkişafına yönəlmiş işlərlə məşğul olur. Həmçinin, 2019-cu ildən başlayaraq Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və KOBİA ilə əməkdaşlıq çərçivəsində 2 il ərzində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsini qeyd etmək istərdim. Layihə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib, ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunmuş və tövsiyyələr hazırlanıb, hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunmuş, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb".
"Ənənəvi qida məhsullarının satışının artması, xarici bazarlara çıxarılması və daha çox tanınması üçün bu məhsullar milli və beynəlxalq səviyyədə geniş təşviq olunmalı, sistemli marketinq siyasəti aparılmalı, istehsalçılar arasında marketinqə dair tədbirlər gücləndirilməlidir. Və bu istiqamətdə də Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının həyata keçirdiyi işlər çox önəmlidir. Ümumiyyətlə, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. KOBİA müxtəlif yerli, beynəlxalq sərgi və festivallarda KOB-lar üçün xüsusi stendlər təşkil edir və onlar üçün öz məhsullarını tam ödənişsiz olaraq nümayiş etdirmək imkanı yaradılır. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən restoran və kafe biznesində də istifadə oluna bilər. Bu gün təşkil olunmuş bu Konqresin bu sahədə fəaliyyət göstərən yerli bizneslərin, xüsusən də mikro və kiçik sahibkarlıq subyektlərinin, və ictimai iaşə işçilərin aralarında əməkdaşlıq əlaqələrinin inkişaf etməsində xüsusi rol oynayacağına ümid edirəm", - O.Məmmədov əlavə edib. (Trend)