FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sədri Orxan Məmmədov 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-da iştirak edəcək. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Caspian European Club-un sıx əməkdaşlıq etdiyi mühüm dövlət qurumlarından biridir. Kiçik və orta biznesi təmsil edən şirkətləri maraqlandıran problem, sual və təkliflərin operativ müzakirəsi üçün tərəflər arasında birgə işçi qrupu uğurla fəaliyyət göstərir. KOBİA biznes-hökumət dialoqunda fəal iştirak edir və şirkətlərimizin müraciət etdikləri bütün xahiş və təkliflərə dərhal münasibət bildirir. Biz Agentliyin uğurlu fəaliyyətinə sevinir və səmərəli əməkdaşlığımızın bundan sonra da, həmçinin Caspian Energy Forum Baku-2019 çərçivəsində də davam etməsini dəstəkləyirik”, - deyə Telman Əliyev söyləyib.
“Caspian Energy Forum Baku – 2019” forumunun işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında dövlət qurumları, nazirliklər, dövlət komitələri, dövlət agentlikləri, dövlət xidmətlərinin rəhbərləri, eləcə də dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin, o cümlədən Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri var.
“Caspian Energy Forum Baku – 2019” 3 sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektoru, sənayenin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələlərinə toxunulacaq, Azərbaycana investisiya qoyulması imkanlarından ətraflı bəhs olunacaq, ikinci sessiyada xüsusi diqqət kiçik və orta biznesin inkişafına ayrılacaq. Üçüncü sessiyada isə İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın kənd təsərrüfatı kompleksi və turizm potensialının inkişafı ilə bağlı müfəssəl hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, fasilə və işçi nahar zamanı iştirakçıların ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
“Ziraat Bank Azərbaycan” ASC 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un sponsorudur. Forumun partnyorları sırasında “Azpetrol ltd” ASC, “AzərTelecom ASC, “AzeriCard” ASC, “İCODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C”, “Azprint” və “Transbroker” şirkətləri var.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com