Dövlətə məxsus örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsi qaydası müəyyənləşib. FED.az xəbər verir ki, dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Fed.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” qərarına dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1155-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2018-ci il 11 iyun tarixli sərəncamının icrasını təmin etmək üçün belə bir qərar qəbul edib.
Bu il mayın 31-də qəbul edilən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda qeyd edilib ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Qərara əsasn bu tələb dövlət mülkiyyətindəki örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsinə də şamil olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiqlənən "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"na əsasən, yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır.
Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. İndiyə qədər Qaydalarda dövlət mülkiyyətindəki örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsi proseduru əksini tapmamışdı