Bildiyiniz kimi, son 2 gün ərzində Mənzil İnşaatı Dövlət Agentliyinin 30.03.2022 tarixində keçirdiyi satış prosesi ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu. Narazılığa səbəb kimi evlərin bir neçə saniyədə satıldığı və prosesin şəffaf olmadığı vurğulanır. Onu da qeyd edim ki, artıq bu kimi məsələlər bir çox KİV-lərdə müzakirə olunur, hətta deyərdim ki, bu mövzu 2 günün müzakirəsi deyil, artıq neçə ildir ki, davam edir. Lakin indi saniyələrdən və ya problemdən yox, hər zaman olduğu kimi həlli yollunda danışacam. Xüsusilə də sosial məsələlərə üstünlük verən biri kimi bu mövzu ilə bağlı kiçik tövsiyəm olacaq.
Eləcə də bax: MİDA güzəştli mənzil satışı ilə bağlı - SİYAHINI AÇIQLADI - CƏDVƏL
Satış varsa, biznes var, biznes varsa, deməli....
Bir işdə və ya prosesdə satış varsa, deməli biznes var, biznes varsa, deməli bunun düzgün yanaşma prinsipləri var. Ona görə də bu məsələ ilə bağlı bəzi nüansları izah etmək istəyirəm. Marketinqdə müştəri məmnunluğu mövzusunda hər marketoloqun bildiyi kimi 1 narazı müştəri, 7-11 müştəriyə bərabərdir. Bəs 11 nəfər kimdir? Narazı olan müştərinin qohumları, dostları, tanışları və s. Bu mövzu isə minlərlə narazı müştərini əhatə edir, daha dəqiq desək, bu günə olan məlumata görə “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 24 761 nəfərdir, bunu 11-ə vursaq, 272,371 nəfər edir. Eyni zamanda bu narazılıqların KİV-də işıqlandırılması bu günə qədər gözəl işlər görən və bir çox ehtiyacı olan vətəndaşların evlə təmin olunmasına şərait yaradan bir qurumun imici üçün böyük risk yaradır. Mövzunun mahiyyətinin nə qədər ciddi olduğunu izah etmək üçün bir neçə suala cavab alaraq çıxış yolu tapacağıq. Onu da qeyd edim ki, şəxsi təcrübəmə əsaslanaraq MİDA-nın rəhbər şəxlərindən birinə hələ 2018-ci ildə bu kimi məsələlərin həlli üçün sadə biznes modeli izah edmişdim.
İlk növbədə biz anlamalıyıq MİDA nədir və bu evləri kim eldə edə bilər ?
MİDA - Azərbaycan Respublikası vətəndaşlarının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə əldə etməsi deməkdir.
Sual yaranır hansı vətəndaşlar ?
-Şəhid, Milli Qəhrəman və Vətən Müharibəsi iştirakçıları ailə üzvləri
-Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
-Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
-Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs və s. ətraflı məlumat üçün MİDA saytında bu məlumatı əldə edə bilərsiniz. Onu da vurğulayaq ki, bir şəxs yanlız bir dəfə MİDA-dan ev əldə edə bilər.
Bəs 30.03.2022 tarixində keçirilən satışda kim iştirak edib?
30.03.2022 tarixində satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olub. Rəqəmlərdən də aydın olur ki, hər kəs ev əldə edə bilməyəcək və MİDA dediyi kimi rəqabət prinsiplərə uyğun hamı eyni anda ev mübarizəsi apara bilməlidir.
Lakin RƏQABƏTİN açıqlaması nədir?
Rəqabət - eyni statusa və hüquqlara malik olan insanların bir arada nəyinsə üzərində mübarizə aparmağı deməkdir. Artıq rəqabətin nə olduğunu bildikdən sonra biznes model qurulmuş olur. Bu vətən uğrunda canı, qanı bahasına döyüşə gedən, bugün bizim rahat və azad yaşamağımız üçün bir an belə düşünmədən ömrünü fəda edən şəhid, Milli Qəhrəman və Vətən Müharibəsi iştirakçılarının ailə üzvləri öz aralarında istədikləri evlər uğrunda mübarizə aparmalıdır. Çünki bu şəxslər eyni statusa və hüquqa malikdirlər. Yaxud soyuqda, yağışda, küləkdə, bu və ya digər situasiyalarda təhlükəsizliyimizi təmin edən daxili işlər orqanlarının əməkdaşları öz aralarında istədikləri evlər üçün mübarizə aparmalıdır. Düşünürəm ki, ümumi iştirakçılar, yəni kənar şəxslər də bu prinsipi dəstəkləyəcəklər. Qeyd edim ki, hər bir şəxslərin elektron kabinetində statusları qeyd edilib və sistem olaraq MİDA mütəxəssisləri bunu keçirə bilərlər.
Statistik məlumatları nəzərə alaraq qeyd edim ki, təkcə 5 sentyabr 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 324 mənzildən, yalnız 4 şəhid ailəsi ev əldə edə bildi, ümumi iştirakçıların sayı isə 4542 nəfər idi.“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı isə 9556 nəfər idi. Həmin dövrü əhatə edən statistika şəkildə izləyə bilərsiniz.
Yuxarda qeyd edilənləri nəzərə alıb satışın necə formalaşması ilə bağlı bir nümunə qeyd edim. Lakin bəzi prinsiplərə görə ardıcıllıq dəyişə bilər.
Məsələn:
30.03.2022 - Şəhid, Milli Qəhrəman və Vətən Müharibəsi iştirakçılarının ailə üzvləri arasında
05.04.2022 - Məcburi köçkün və ya ona bərabər tutulan şəxslərin arasında
12.04.2022 - Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərin arasında
Bu kimi model ilə həm müştərilər arasında şəffaflıq formalaşacaq, yani əldə edə bilməyən şəhid ailəsinin üzvü biləcək ki, onun əldə edə bilmədiyi evi digər şəhid ailəsi əldə edib. Bu da öz növbəsində arada olan lazımsız söhbətləri aradan qaldıracaq. Eyni zamanda proqramçıdan və ya hər hansısa bir şəxsdən kömək almağa da ehtiyac olmayacaq.
Oruc İbrahimov, Biznes Konsultant