Azərbaycanda ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
FED.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.
Eləcə də bax:«Biz ən yaxşı işəgötürən şirkətik» - MÜSAHİBƏ
Sənəddə qeyd edilir ki, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün ümumi təhsil müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.
Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu Qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır.
Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər.
Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.
Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.