“Cari ilin ikinci rübündə pandemiya səbəbilə dünya ölkələri üzrə çalışanların iş saatlarının 6,7%-nin azalacağı gözlənilir”.
Eləcə də bax: «Hamı internetlə Türkiyədən geyim almağa başlayıb» - SİFARİŞLƏR İKİQAT ARTIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Nərmin Rəhimli bildirib. İqtisadçı-ekspert deyir ki, müəssisələrdə iş saatlarının və əmək haqqların azaldılması nəticəsində bəzi insanlar könüllü olaraq da işlərini tərk edəcək:
“Pandemiyanın iqtisadiyyatda yaratdığı zərərlər səbəbilə müəssisələrdə iş saatlarının və əmək haqqların azaldılması nəticəsində bəzi insanların könüllü olaraq da işlərini tərk edəcəyi gözlənilir.
Hazırda qlobal ÜDM-in 10%-ni təşkil edən turizm sektoru pandemiyadan ən çox zərərçəkən sahələrdən biridir. Ümumdünya Səyahət və Turizm Konsulluğunun (World Travel and Tourism Council) açıqlamasına görə, 2020-ci ildə turizm sektorunda 25% kiçilmə gözlənilir. Dünya üzrə turizm sektorunun gəlirlərinin 30-50 milyard dollar həcmində azalacağı təxmin edilir. Eyni zamanda, Konsulluğun məlumatına görə pandemiya səbəbindən turizm sektorunda çalışan 50 milyona yaxın insan işsiz qala bilər. İşsiz qalan 50 milyon insanın 30 milyonunun Asiya, 7 milyonun Avropa, 5 milyonunun Amerika və qalanının isə digər qitələrin payına düşəcəyi təxmin edilir. Pandemiya bitdikdən sonra sektorun bərpa olunaraq normal səviyyəyə qayıtması 10 ay davam edə bilər”.
N.Rəhimli onlayn alış-verişin misli görülməmiş dərəcədə artdığını da deyir:
“Hazırda 4 milyarddan çox insanın evlərindən çıxmaması, alış-veriş mərkəzləri və mağazaların bağlı olması səbəbilə onlayn alış-verişə misli görülməmiş dərəcədə tələb artır. Buna misal olaraq ən böyük onlayn satış platforması olan Amazon şirkətini göstərmək olar. Dünyanın böyük şirkətlərinin səhmlərinin sürətlə dəyər itirdiyi bu vaxtda Amazonun icraçı direktoru Ceff Bezosun sərvəti 20% artaraq 138 milyard dollara çatıb. “Business Insider”in açıqlamasına görə, şirkət işçilərinin əmək haqqılarını artırır, 100.000 yeni işçi götürüb və daha 75.000 işçi götürməyi planlaşdırır”.
Modern