Avropa və Mərkəzi Asiya iqtisadiyyatları 56 islahatı həyata keçirmək və dünyada vergilərin ödənilməsi və müqavilələrin icrası sahəsində islahatlara liderlik etməklə biznes mühitlərini yaxşılaşdırma sahəsində mövcud güclü tempini daha da sürətləndirmişdir – Dünya Bankının 2020-ci il üzrə Doing Business hesabatında belə qeyd olunur.
Eləcə də bax:Azərbaycanda biznes üçün - YAXŞI VƏ PİS GÖSTƏRİCİLƏR AÇIQLANIB
Dünya Bankından FED.az-a verilən məlumata görə, Avropa və Mərkəzi Asiyada biznesin həyata keçirilməsi üçün ən yaxşı top-20 ölkədən ikisi yerləşir - Gürcüstan (7-ci) və Şimali Makedoniya (17-ci). Tacikistan dünyada 1 may tarixinə qədər 12 ay müddətində ən çox təkmilləşdirmə aparan top-10 ölkə arasında yer alır. Azərbaycan, Qırğızıstan, Kosovo və Özbəkistan dünyada ən çox sayda islahat aparmış 20 ölkə arasındadır.
“Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatları sahibkarlıq üçün əlverişli mühitin yaradılması və iqtisadi inkişafın dəstəklənməsi sahəsində mühüm tərəqqiyə nail olmağa davam edir” – Doing Business Qrupunun Proqram Meneceri Santiaqo Krosi Daunes belə deyib. “İslahat tempi gücləndikcə, geridə qalan iqtisadiyyatlar qonşuları tərəfindən qəbul olunmuş qabaqcıl praktikalardan dərs çıxara bilər.”
Hazırda regionda 22 ölkə vergilərin elektron qaydada sənədləşdirilməsinə imkan verdiyindən region vergilərin ödənilməsi (doqquz) və Avropa və Mərkəzi Asiya ən səmərəli kommersiya ədliyyə sisteminə malik region olduğundan müqavilələrin icrası (altı) sahələrində dünyada ən çox islahat aparmışdır. Avropa və Mərkəzi Asiya iqtisadiyyatları, həmçinin əmlakın qeydiyyatının asanlaşdırılması sahəsində qabaqcıl ölkələrdəndir: əmlakın transferi xərcləri orta hesabla əmlakın dəyərinin 2,7 faizinə bərabərdir, bu isə İƏİT-nin yüksək gəlirli ölkələrinin orta göstəricisi olan 4,2 faizdən də azdır.
Avropa və Mərkəzi Asiya uzun müddətli spektrdə də yaxşı nəticələr nümayiş etmişdir, bir sıra ölkələr kapitalın minimum məbləği ilə bağlı tələblərini azaltmış və 17 illik Doing Business tədqiqatı müddətində kredit hesabat sistemlərini təkmilləşdirmişdir.
Tacikistan biznesə başlanılması, xarici ticarət və kredit alınması sahələrində apardığı islahatlar sayəsində reytinqini yaxşılaşdırmışdır. Tacikistan hökuməti, misal üçün, tez xarab olan malların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün şərait yaratmış və girovların müasir qeydiyyatı sistemini tətbiq etməklə kreditə əlçatanlığı artırmışdır.
Rusiya Federasiyası son ildə elektrik şəbəkəsinə qoşulma prosesinin sürətləndirilməsi və vergi qanunvericiliyinə əməl olunmasının sadələşdirilməsi də daxil olmaqla üç islahat həyata keçirmişdir. Kiçik investorlar korporativ şəffaflıq tələblərinin artırılması sayəsində müdafiə mexanizmlərinin güclənməsindən faydalanmışdır.
Serbiya və Ukrayna hər biri ayrı-ayrılıqda altı islahat həyata keçirmişdir. Hər iki iqtisadiyyat tikinti icazələrinin verilməsi, elektrik şəbəkəsinə qoşulma və kiçik investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi islahatlarını həyata keçirmişdir. Serbiya vergilərin ödənilməsi prosedurunu sadələşdirmiş, Ukrayna isə öz növbəsində yeni dövlət kredit reyestrini yaratmış və torpaqların idarə olunması sisteminin şəffaflığını artırmışdır.
Region tikinti icazələrinin verilməsi və elektrik şəbəkəsinə qoşulma sahələrində zəif nəticələr nümayiş etdirmişdir. Tələb olunan tikinti icazələrinin alınması İƏİT-nin yüksək gəlirli iqtisadiyyatlarının orta rəqəmi 152 günlə müqayisədə regionda orta hesabla 170 gün çəkir. Oxşar olaraq, Avropa və Mərkəzi Asiyada yeni anbarı elektrik enerjisi şəbəkəsinə qoşmaq İƏİT-nin yüksək gəlirli iqtisadiyyatları ilə müqayisədə 25 gün daha gec, orta hesabla demək olar ki, 100 günə başa gəlir.
Region iqtisadiyyatlarının əksəriyyəti stabil templə islahatları həyata keçirməyə davam etsə də, bəzi iqtisadiyyatlar geridə qalır. Bolqarıstan son beş ildə biznes mühitinin yaxşılaşdırılması məqsədilə bir islahat həyata keçirmişdir, Bosniya və Herseqovina və Monteneqro isə bu müddət ərzində müvafiq olaraq üç və dörd islahatı həyata keçirmişlər.