Cari ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, onların da 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.
Eləcə də bax: Bakıda “İşgüzar Qadınlar Liqası” - TƏDBİRİ KEÇİRİLİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hazırda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,2 faiz təşkil edir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.
Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.