Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün əlavə iş yerlərinin yaradılması istiqamətindəki işlərinə davam edir.
FED.az xəbər verir ki, bu məqsədilə sosial məsuliyyət layihələrinin miqyasını genişləndirməyi hədəfləyən “OBA” ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.
Razılaşmaya əsasən, iki qurum arasında qarşılıqlı maraq kəsb edən layihələr, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.
Çalışanlarının 46 faizi qadınlardan ibarət olan “OBA” hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, şirkətin həyata keçirdiyi layihələr sırasında “Qadının gücü” böyük önəm kəsb edir. Layihə qadınların vakansiyalara uyğun olaraq seminar və təlimlərlə maarifləndirilməsini və iş həyatına adaptasiyasını hədəfləyir. Təlimlərin avqust-sentyabr ayları ərzində ölkəmizin bir neçə regionunda təşkil edilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, ötən il “OBA Market” MMC Məşğulluq Agentliyi tərəfindən “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülüb.