Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi ay ərzində ölkə iqtisadiyyatının inkişafına dəstək məqsədilə müxtəlif istiqamətli işlərə imza atıb.
FED.az xəbər verir ki, marketlərinin sayına görə xüsusilə seçilən “OBA Market” MMC avqust ayında 21 yeni filialını istifadəyə verərək, münasib qiymətləri istehlakçılar üçün daha əlçatan edib.
Xidmət səviyyəsini yüksəltməyə xüsusi səy göstərən şirkət alıcılarının rahatlığı üçün Nərimanov 6, Salyan 12, Sumqayıt 9, Xırdalan 7 filiallarını yeniləyib.
Yeni “OBA” marketlərinin açılması işaxtaranlar üçün iş imkanı yaradıb və ay ərzində 100-ə qədər vətəndaş “OBA” marketlər şəbəkəsi tərəfindən işlə təmin olunub.
Bundan əlavə, qida və qeyri-qida kateqoriyasından olan müxtəlif növ məhsulların təzə və operativ olaraq müştərilərinə çatdırmağı hədəfləyən “OBA”, Mingəçevirdə yeni deposunu istifadəyə verib.
Ümumilikdə 240 nəfər yeni əməkdaş ilə fəaliyyətə başlayan depo 428 kvadrat metr sahəni əhatə edən “Fresh”, 377 kvadrat metr sahəni əhatə edən “Frozen”, 2418 kvadrat metr sahəni əhatə edən “Dry” bölümlərindən ibarətdir.
Qeyd edək ki, “OBA Market” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edərək ölkədə məşğulluğun artırılması istiqamətində uğurlu layihələrə imza atır. Şirkət ötən il Məşğulluq Agentliyi tərəfindən “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülüb.