Norm şirkəti hazırda bütün dünyanı əhatə edən pandemiya ilə bağlı ölkədə tətbiq edilmiş karantin şəraitində ehtiyacı olan aztəminatlı ailələrə dəstək göstərməyə davam edir.
FED.az xəbər verir ki, Norm Sement ötən həftə Xəzər Rayon İcra Hakimiyyətinin və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri aztəminatlı ailələrin siyahısına əsasən Binə qəsəbəsində 350 ailəyə ərzaq yardımı edib. İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Norm komandası sosial məsafə və digər gigiyena qaydalarına əməl edərək ərzaq qutularını ailələrə paylayıb.
Norm şirkəti hazırda virusla mübarizə ilə bağlı müxtəlif işlər həyata keçirir. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ianə edib. Bundan əlavə, bu müddət ərzində şirkətin korporativ sosial məsuliyyət sahəsində mühüm layihəsi olan Norm Ustalar Klubunun üzvlərinə onlayn təlimlər təşkil olunur, onlar xüsusi qoruyucu vasitələrlə təmin edilir, şəxsi gigiyena və sosial təcrid qaydaları barədə məlumatlandırılırlar. Müştərilərini tibbi maskalarla və dezinfektə edici vasitələrlə təmin edən Norm Sement, əməkdaşlıq etdiyi şirkətlərə də bu baxımdan dəstək olur və onları virusa yoluxmanın qarşısının alınması üçün özünütəcrid qaydalarının tətbiqinə təşviq edir.
Daim müştərilərinin təhlükəsizliyini və sağlamlığını düşünən Norm Sement bu qəbildən olan sosial yardım aksiyalarına davam edəcək. Şirkət bu çətin dövrü birlikdə uğurla başa vurmağımız üçün hər kəsi xüsusi diqqət və qayğıya ehtiyacı olan, yaşlı və tənha insanlara qarşı həssaslığa, xüsusi karantin rejiminin tələblərinə riayət etməyə və bu çətin mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməyə dəvət edir.