Dekabrın 1 - i müxtəlif sektorlarda fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupu yeni korporativ
baxışını və strategiyasını əks etdirən geniş rebrendinq kampaniyasını – şirkətin adının Nobel
Energy-yə dəyişdirilməsi və korporativ loqonun yenilənməsi – tamamladığını elan edib.
FED.az xəbər verir ki, bu barədə məlumatı Nobel Energy şirkətindən İctimaiyyətlə Əlaqələr Üzrə Mütəxəssisi Dilarə Hümmətbəyli verib.
Məlumatda bildirilib ki, yeni strategiyaya uyğun olaraq, Nobel Energy neft-qaz xidmətləri şirkətindən inteqrasiya
olunmuş enerji hasilatı, işlənməsi və xidmətləri şirkətinə çevriləcək. Şirkət öz müştəriləri üçün
çevik, səmərəli və daha da əhəmiyyətlisi dayanıqlı həll yolları təqdim etməyi hədəf götürəcək.
Bu dəyişiklik ikili vəzifənin (daha əlçatan və etibarlı enerji təmin edilməsi və bununla yanaşı ətraf
mühitə təsirlərin azaldılması) öhdəsindən gəlmək üçün böyük enerji şirkətlərinin həyata keçirdiyi
transformasiya – “xalis sıfır” emissiyalı şirkətə çevrilmək və davamlı inkişafı təmin etmək –
səylərinə əsaslanır.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Biz şirkətlərin bu
ambisiyalarını həyata keçirmələrinə kömək etmək, habelə həllərin bir hissəsi olmaq istəyirik və
buna görə də, biz də dəyişirik. İnsanlara, təhlükəsizliyə və resursların davamlılığına daha çox
diqqət yetirməklə biz dünyamızın dəyişən ehtiyaclarını ödəmək üçün hərəkətverici qüvvə olmaq
istəyirik. Bu, çətin bir yoldur, lakin müştərilərimizin və dünyanın təhlükəsiz, səmərəli və dayanıqlı
nəticələr əldə etməsinə kömək etmək üçün düzgün komponentlərə – uzaqgörən yanaşmaya,
düzgün təcrübəyə, inteqrasiya olunmuş həll yollarına – sahibik".
Cənab Səmədli sözlərinə əlavə edərək qeyd edib: “Bu rebrendinq və davamlı inkişafa daha
diqqətli yanaşmamız, Səhmdarımız tərəfindən qoyulmuş strateji hədəflərin bir hissəsi kimi Nobel
Energy-nin böyük enerji probleminin həllində fəal rol oynamaq ambisiyasını bariz şəkildə
nümayiş etdirir.”
Transformasiya prosesi çərçivəsində, Nobel Energy öz strategiyasını və strukturunu qabaqcıl
texnologiyaların təqdim etdiyi imkanlardan istifadə etmək üçün uyğunlaşdıracaq.
Nobel Energy bütün maraqlı tərəfləri üçün çevik və dayanıqlı nəticələr təqdim etmək məqsədilə
birlikdə innovasiyaları stimullaşdırmağa, inkişafı təşviq etməyə və sahib olmadığımız bacarıqları
təmin etməyə yardım ola biləcək texnologiya şirkətləri ilə tərəfdaşlıq etməyə çalışacaq.
SOCAR şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın
İskəndərov deyib: “SOCAR-ın əsas təchizatçısı və tərəfdaşı olan Nobel Energy şirkətini əsaslı
rebrendinqi – yeni adı və loqosu münasibətilə SOCAR rəhbərliyi və şəxsən öz adımdan təbrik
edirəm.”
“Bu gün dünyada enerji sahəsində gedən dəyişiklikləri Nobel Energry şirkəti çevik dərk edərək,
transformasiya edir. Düşünürəm ki, şirkət yeni enerji layihələrində, o cümlədən bərpa olunan
enerji layihələrində yaxından iştirak etməklə bu sahənin inkişaf etdirilməsinə də dəyərli töhfələr
verəcək.
Nobel Energy ilə uzun müddətdir əməkdaşlıq etdiyimizə görə onun bacarıq və səriştəsinə
bələdəm. Odur ki, şirkətin üzərinə götürdüyü bu məsuliyyətli missiyanı yerinə yetirəcəyinə
inanıram. Ölkəmizdə, Xəzər regionunda və dünyada yeni texnologiyaların, innovativ fikirlərin
inkişaf etdirilməsi kimi mühüm bir missiyada tərəfdaş şirkətə müvəffəqiyətlər arzu edirəm.
Əminəm ki, Nobel Energy bunun öhdəsindən uğurla gələcək.”
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli deyib: “Bugünkü hadisənin əhəmiyyəti sadəcə geniş biznes fəaliyyətinə və
beynəlxalq təcrübəyə malik bir Azərbaycan şirkətinin rebrendinqi və yaxud yeni korporativ
baxışının elan olunması deyil. Bu, ölkənin neft qaz, enerji sektoru üçün əlamətdar bir hadisədir,
çünki ilk dəfədir ki, bir yerli şirkət dünyada baş verən transformasiyalara uyğun dəyişmək
istəyini elan edir və bu istəyi həyata keçirmək üçün bir yol xəritəsi ortaya qoyur, bu məsuliyyəti
üzərinə götürür".
Cənab Aslanbəyli davam edib: “Öz transformasiya addımını bir neçə il bundan əvvəl atmış və il
yarım əvvəl strategiyasında əhəmiyyətli dəyişiklik etmiş bir şirkətin nümayəndəsi olaraq öz
təcrübəmizdən deyə bilərəm ki, bu yol asan yol deyil. Çox şadıq ki, bizim uzun müddətdir
əməkdaşlıq etdiyimiz Nobel Energy şirkəti də artıq bu istiqamətdə addımlar atmağı
qərarlaşdırıb. Bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsi, sinerjinin yaradılması, təbii ki,
ölkəmizdə enerji keçidini dəstəkləyən layihələrin həyata keçirilməsi üçün çox gözəl zəmin
yaradır. Bu isə təkcə Nobel Energy üçün deyil, bütövlükdə ölkəmizin enerji sektoru üçün xüsusi
əhəmiyyətə malikdir. bp şirkəti adından Nobel Energy-nin bütün kollektivini təbrik edirəm və bu
məsuliyyətli və çətin işdə onlara uğurlar diləyirəm".
Rebrendinq prosesi şirkətin korporativ stilinin, o cümlədən loqo və şüarının tamamilə
yenilənməsini əhatə edir.
Nobel Energy-nin yeni loqosu enerji sektorunda davamlı inkişaf (bənövşəyi rəng ilə göstərilib)
vasitəsilə karbohidrogenlərdən (narıncı rəng) daha təmiz enerjiyə (mavi rəng) keçidi təcəssüm
etdirir. Hədəf bərpa olunan enerji mənbələridir (yaşıl rəng) ki, bu da innovasiyalarla (tünd göy
rəngdə göstərilib) dəstəklənir.
Şirkətin yeni şüarı – Çünki sizi düşünürük – Nobel ailəsinin irsini əks etdirir ki, bu da onların
insanlara qayğısına, insanların təhlükəsizliyinə və rifahına, innovativ həllər vasitəsilə davamlı
inkişafın təmin edilməsinə söykənir. Bu şüar, şirkətin həm biznesə, həm də ekoloji dayanıqlığa
olan münasibətini təcəssüm edir.
Qeyd edək ki, ötən 16 il ərzində Nobel Energy Qrupunun (NEQSOL Holding-in bir hissəsi) inteqrasiya edilmiş
xidmətləri təchiz edən biznes modeli, layihələrin əvvəlindən sonunadək lazım olan bütün
xidmətləri optimallaşdırmağı və müştərilərə effektiv və səmərəli həll yolları təhvil verməyi təmin
edib. Şirkəti daha da gücləndirəcəyinə inandığımız bu transformasiya prosesi ilə Nobel Energy
bütün maraqlı tərəflər üçün təhlükəsiz, çevik və səmərəli həllər təmin etməyə davam edəcək.
Qrupun geniş portfelinə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: layihə və tikintinin
idarə edilməsi; polad konstruksiyaların hazırlanması və quraşdırılması, dəniz qurğularının
modernləşdirilməsi; yüksək təzyiqli axın xətləri, tutumlar, çənlər və əlaqədar qurğular da daxil
olmaqla boru xətti sistemləri; yataq əməliyyatları və avadanlığın texniki xidməti; inteqrasiya
edilmiş qazma və quyu xidmətləri; inteqrasiya edilmiş təchizat zəncirinin idarə olunması.