NEQSOL Holding-in qərarı ilə tərkibində olan şirkətlər “Qarabağ Dirçəliş Fondu”na ümumilikdə 2 milyon manat məbləğində vəsait köçürüb.
“Qarabağ Dirçəliş Fondu” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb.
FED.az xəbər verir ki, “Fonda ayrılan vəsait regionun bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və orada həyat şəraitinin təmin edilməsi işlərinə töhfə verəcək, bu isə öz növbəsində regionda iqtisadi inkişafa və sosial rifaha xidmət edəcək,” — deyə NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
NEQSOL Holding müxtəlif ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.