NEQSOL Holding Bakı şəhərində “Parla” təqaüd proqramının qalibləri üçün xaricdə təhsil üzrə master-klas təşkil edib.
Master-klas Holdinq tərəfindən Azərbaycan-Böyük Britaniya Məzunları ictimai birliyi (AUKAA) və 2019-2023-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının İcra Qrupu ilə birlikdə 25 may 2024-cü il tarixində keçirilib.
Qeyd edək ki, “Parla” proqramı NEQSOL Holding tərəfindən Təhsil İnkişaf Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
“Parla” təqaüd proqramının 50 uğurlu iştirakçısı müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr aylıq təqaüd ödənişləri ilə təmin olunur. Bundan əlavə NEQSOL Holding tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.
Tədbirin məqsədi tələbə qızları Birləşmiş Krallıqda, eləcə də xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə digər ölkələrdə təhsil imkanları ilə tanış etmək idi. Tədbir iştirakçıları, AUKAA-nın sədri Sabir Məmmədov, 2019-2023-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının İcra Qrupunun nümayəndəsi Aygül İsmayılova, AUKAA-nın Direktorlar Şurası sədrinin müavini Nərmin Bağırzadə, Şuranın üzvü Aslan Mirzəyev və xaricdə təhsil üzrə mütəxəssis Nigar Bayramlı Böyük Britaniyada həyat və təhsil, habelə xaricdə təhsil üzrə Dövlət Proqramının üstünlükləri barədə danışdılar. Nərmin Bağırzadə tələbələrlə xaricdə təhsillə bağlı öz təcrübəsini bölüşüb üzləşdiyi çətinliklər barədə məlumat verdi. Çıxışların sonunda sual-cavab sessiyası baş tutdu.
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.